Bu gün Bakı-2015 I Avropa Oyunlarında sinxron üzgüçülərin fərdi yarışlarına start verilib.
Oxu.Az apasport.az-a istinadən xəbər verir ki, Bakı Su İdmanı Mərkəzinin hovuzunda 21 idmançı təsnifat mərhələsində qüvvəsini sınayıb.
Bu yarışda Azərbaycanı Yekaterina Valiulina təmsil edib. Dünən duetlərin yarışında 18-ci olan idmançımız yenidən bacarığını nümayiş etdirib.
Beş idmançının ardından mübarizəyə qoşulan Valiulinanın çıxışı hakimlər tərəfindən 72,3000 xalla qiymətləndirilib.
O, təsnifat mərhələsini 16-cı yerdə başa vurub. Bununla da təmsilçimiz final mərhələsinə yüksələ bilməyib.
Təsnifat mərhələsində rusiyalı Anisiya Neborako qalib gəlib – 89,1333, İspaniyalı Betta Ferreras-Sans (86,6333) 2-ci, ukraynalı Yelizaveta Yaxno (86,1667) 3-cü olub.
Qeyd edək ki, final mərhələsi iyunun 16-da keçiriləcək. Mükafatçılar saat 16:00-da başlayacaq mübarizədən sonra müəyyənləşəcək.