İyunun 7-də təkbətək görüşlərdə Neymar, Azar, İsko, Evra, Zidan və bir çox məşhur futbolçuları məğlub edən dünyanın ən yaxşı futbol fristayleri Syan Qarnye (Sean Granier) Bakıya gəlib.
Syan Qarnye haqqında “əlində top ilə dünyaya gəlib”, - deyilənlərdəndir. O, futbol topu ilə əl istisna olmaqla, bədənin fərqli hissələrinin yardımı ilə müxtəlif tryukları göstərməkdən ibarət olan idman növü sayılan futbol fristayleri ilə məşğuldur.
Oxu.Az xəbər verir ki, Syan Qarnyenin komandası “Street Style Societe (S3)” Azərbaycanın birinci Mini-futbol liqasının (MFL) ən yaxşı futbolçuları ilə mübarizə aparıb - Street Style Societe VS MFL All Stars.
İdman festivalı Bakı Olimpiya stadionunda Sportster futbol kompleksində keçirilib.
Meydanda baş verənlər idman yarışından çox şouya bənzəyirdi. Daha sonra Şon Qarnye futbol fristaylı keçirib, azarkeşlərdən biri ilə yarışıb. Syan Qarnyenin top ilə əsl rəqsini izləyən tamaşaçılar alqışlarla bu şouya görə təşəkkürlərini bildiriblər.
Video: İsmayıl Nur
S.Qarnye yarışlar barədə təəssüratlarını bölüşüb: “Mən bir ay məşq eləmişəm, Azərbaycana gəlməmişdən öncə yeni akrobatik hərəkətləri, top ilə dönmələri öyrənmişəm. düşünürəm ki, elə də pis alınmayıb. Bu, gözəl tədbir idi. Bu gün burada oynayan komandaların səviyyəsi xoşuma gəlir. Oyun ruhu inanılmazdır. Hər şey əladır.
Bakıya artıq dördüncü dəfədir ki, gəlirəm. Futzalın Azərbaycan oyunçuları ilə artıq tanışam, amma Azərbaycan futbolu ilə tanış deyiləm. Amma yerli Azərbaycan futzal komandası ilə oynamaq təklifinə sevindim”.
Əfsanəvi fristayler həmçinin məşhur futbolçularla videolarının düşünülmüş olduğunu deyən bəzi insanların reaksiyasını da şərh edib.
“Sizcə, bu, düşünülmüşdür?! Bu, gülməlidir. Mən siçan-pişik oynayıram, topu sadə insanlarla yanaşı, məşhur futbolçuların da ayaqlarının arasından atıram. Adi insanlara qarşı nümayiş etdirdiyim futbol fəndlərini məşhur futbolçulara qarşı da tətbiq edirəm. Futbolçular oyunda mahirdirlər, amma topla oyunda yox. Futbol oynamaq və topla oynamaq fərqli şeylərdir.
Futbolda bir neçə fənd mütləqdir, mən isə topla hər yerdə oynayıram və bunun üçün yüzlərlə fənd lazımdır. Mən insanları şok edirəm. Messi, Ronaldu, Neymarın topla oyunda məndən yaxşı olduğunu düşünmək lazım deyil. Onlar mənim kimidirlər. Ronaldinyo ilə də oynasam, topu onun ayaqları arasından ataram. Bu, mənim daha yaxşı olduğumu deməyə əsas vermir, sadəcə, mən necə oynamaq lazım olduğunu bilirəm. Məndə hər şey bacarıq və fantaziyadan asılıdır.
Bu gün ayağım ağrıyır, bir qədər az qaçmağa, daha az travma təhlükəsi olan hərəkətlər etməyə çalışıram, amma başımla düşünürəm, oyunu təhlil edirəm.
Futbol fristaylını publikanı əyləndirmək üçün istifadə edirəm. Sadəcə, topu götürüb gözəl futbol oynamağa cəhd edirəm”.
S.Qranye hesab edir ki, futbolçular arasında topla oynamaq texnikası üzrə onun tayı-bərabəri yoxdur.
“Futbolda hamı yaxşıdır, amma texniki cəhətdən məndən yaxşı olan futbolçu yoxdur. Ola bilər ki, bəzi futbol fəndlərini yerinə yetirmək onlarda daha yaxşı alınır, amma ümumilikdə mənə çata bilməzlər. Futbolçular mənim etdiklərimi edə bilməzlər.
Messi, Ronaldunu Bakıya dəvət edin. Onlar mənimlə oynamaqdan imtina edəcəklər. Çünki futbol və fristayl fərqli şeylərdir. Futbol oyundur, fristayl isə incəsənət.
Fristaylın özünəməxsus dili, təhlili, tryukların hazırlanması, kreativliyi, texnikası var, futbol isə, sadəcə, hərəkət, ötürmə və zərbədən ibarətdir. Bizim zərbələrimizlə hərəkət edən top sanki sehirlənmiş kimidir”.
Dünyanın ən yaxşı fristayleri Neymar, İsko, Zidan, Evra, Azar və Droqba kimi məşhur futbolçularla oynayıb.
Qarnyenin sözlərinə görə, əfsanəvi Zinəddin Zidanla oynamaq çətin olub: “Zidan başqadır. Onun hərəkətlərini bəyənirəm. Sevimli futbolçular – Maradona, Zidan və Ronaldinyodur. Çünki onlar gözəl futbol oynayıblar və oynayırlar. Oyunçunun vurduğu topların sayı və gözəl oyun fərqli şeylərdir. Mən topla gözəl oyunu çox yüksək qiymətləndirirəm”.
Syan Qarnye uğur düsturunu da bölüşüb: “Çox çalışmaq, hər gün məşq etmək lazımdır. Mən optimistəm, publikaya tez adaptasiya oluram, onların nə istədiklərini anlayıram və bundan şou yaratmağa çalışıram. Yəqin ki, bu işlə mənim kimi olmaq istəyən insanlar məşğul olmalıdırlar”.
Elvin Əhmədov
www.oxu.az