Taybeydə keçirilən XXIX Yay Universiadasında Azərbaycan komandası daha bir medal qazanıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, taekvondoçu Məhəmməd Məmmədov (63 kq) bürünc medala sahib olub.
Məmmədov ardıcıl olaraq, meksikalı Edqar Porras Reyesi (21:5), honq-konqlu Tay Tin Vinqi (29:9) və braziliyalı Venilton Torres Teyşeyranı (24-12) yensə də, yarımfinalda iranlı Mirhaşem Hosseyniyə (9:19) uduzub.
Azərbaycanın daha bir taekvondoçusu Payam Qobadi Oğaz (87 kq) 1/4 finalda uduzaraq, medalsız qalıb. Olimpiya mükafatçısı Patimat Abakarova (49 kq) isə ilk döyüşdəcə yenilib və yarışla erkən vidalaşıb.
Beləliklə, Azərbaycan taekvondoçuları Universiadanı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Daha əvvəl Milad Beigi Harçeqani (80 kq) qızıl, Ayxan Tağızadə (68 kq) gümüş, Səid Quliyev (74 kq) və Radik İsayev (+87 kq) bürünc medala yiyələnib. Eyni zamanda, cüdoçulardan Zelim Kotsoyev (100 kq) fəxri kürsünün birinci pilləsinə yüksəldiyi halda, Firudin Dadaşov (90 kq) bürünc medala sahib olub.
E.Ə.
www.oxu.az