Təəssüf ki, 2024-cü il Paris Yay Olimpiya Oyunlarının 14-cü yarış günü təkcə idman nailiyyətləri ilə deyil, həm də azarkeşlərin və iştirakçıların əhvali-ruhiyyəsini korlayan bir sıra mənfi hadisələrlə yadda qalacaq.
Oxu.Az RBK-ya istinadla onlardan bəzilərini təqdim edir:
Paris Olimpiya Oyunlarının bürünc mükafatçısı skeyterboardçu Nayca Hyuston 2024 Olimpiadasının medallarının keyfiyyətini tənqid edib.
"Olimpiya medalları yeni olanda möhtəşəm görünürlər. Amma mənim medalım bir müddət üzərimdə olduqdan sonra pis görünməyə başladı", - deyə Hyuston bildirib.
İdmançı qeyd edib ki, medalın üz tərəfi qopmağa başlayıb.
"Olimpiya medallarının keyfiyyəti bir az yüksək olmalıdır", - deyə o əlavə edib.
O, medalın arxa tərəfinin şəklini paylaşıb və fotoda onun paslı olduğu görünür.
"Medal sanki müharibəyə gedib və sonra qayıdıb", - deyə Hyuston şəkli şərh edib.
Fransa polisi Misir yunan-Roma güləşi komandasının üzvü Mohammed Əl-Səidi cinsi zorakılıqda şübhəli bilərək saxlayıb.
Hadisə avqustun 9-da yerli vaxtla təxminən 04:30-da Austerlitz sahilində baş verib. Mənbənin məlumatına görə, güləşçi Parisin 13-cü rayonunda kafedən sərxoş vəziyyətdə çıxarkən küçədə tanımadığı qadının sağrısına əl atdığı üçün saxlanılıb.
Zərərçəkən polisə şikayət ərizəsi yazıb. Prokurorluq araşdırmaya başlayıb.
Afrika Futbol Konfederasiyasının (CAF) keçmiş prezidenti və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) fəxri üzvü İssa Hayatu Olimpiya Oyunlarını izlədiyi Parisdə 77 yaşında vəfat edib.
Hayatu 1988-2017-ci illərdə Afrika Futbol Konfederasiyasına rəhbərlik edib, 2002-ci ildə FIFA prezidenti seçkilərində Zepp Blatterə məğlub olub.
Alman atlet Olimpiadada gümüş medal qazandıqdan sonra xərəklə aparılıb.
Uzunluğa tullanma yarışlarından sonra alman Malaika Mihambo nəfəs problemləri səbəbindən özünü pis hiss edib və stadionu müstəqil tərk edə bilməyib.
İki ay əvvəl alman qadın koronavirus keçirib və hələ də astma da daxil olmaqla xəstəliklə bağlı fəsadlardan əziyyət çəkir.
Hakimlər ABŞ ilə matçdan sonra serb basketbolçularla əl sıxmaqdan imtina ediblər
"Biz onlarla danışmağa çalışdıq. Gördünüz - matçdan sonra onlar dərhal getdilər. Onlar hətta bizimlə danışmadılar, əl sıxmadılar", - deyə Serbiya yığmasının müdafiəçisi Boqdan Boqdanoviç bildirib.
Serbiya oyun ərzində 17 xal irəlidə idi, son rübdən əvvəl üstünlük 13 xal təşkil edirdi, lakin komanda matçın bitməsinə iki dəqiqə qalmış liderliyi əldən verdi. Nəticədə görüş 95:91 hesabı ilə ABŞ-lilərin xeyrinə başa çatıb.
Oyun zamanı ABŞ yığmasının lideri Lebron Ceyms dəfələrlə hakimlərlə danışaraq onlara təzyiq göstərib. Serblər də dəfələrlə hakimlərə müraciət ediblər.
"ABŞ-lilərin aldıqları hakim köməyinə ehtiyacları yox idi. Mən uduzan adamlar kimi hər şeydə hakimləri günahlandırmaq istəmirəm. Hakimlərlə danışmaq bizə heç nə verməzdi. Hətta bəzi qərarlar bizim xeyrimizə olmazdı", - deyə Boqdanoviç əlavə edib.
Rəylər