“Toğrul Əsgərovun Türkmənistan millisinə dəvət olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Sizdə olan məlumat səhvdir və bu keçid mümkün deyil”.
Oxu.Az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında Türkmənistan Güləş Federasiyasının prezidenti Tahir Xanməmmədov deyib.
Qurum rəsmisi Olimpiya çempionu Toğrul Əsgərovun vətəndaşlığını dəyişməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Onun sözlərinə görə, 25 yaşlı pəhləvanın xidmətində heç bir maraqları yoxdur: “Daxili yarış keçirirdik. Turnirin nüfuzunu qaldırmaq üçün bura bir neçə tanınmış simalar dəvət etmişdik. Onlar arasında Azərbaycan və İrandan olan tanınmış güləşçilər də vardı. Ölkənizdən Toğrul Əsgərovla Hacı Əliyevə dəvət göndərmişdik. Bunu qeyri-adi qarşılamaq olmaz. Bu güləşçilər Yay Olimpiya Oyunları ilə yanaşı, dünya və Avropa çempionatında öz sözlərini deyiblər. Əsgərov Olimpiadada 2 dəfə finalda güləşib, onlardan birində qızıl medal alıb. Əliyev isə Rio-2016-da mükafatçılar sırasına düşüb, dünya və Avropa çempionatının qalibi adını qazanıb”.
Azərbaycan və Türkmənistan Güləş Federasiyalarının sıx əlaqəsinin olduğunu vurğulayan Xanməmmədov pəhləvanlarımızı özbaşına dəvət etmədiyini də vurğulayıb. Onun sözlərinə görə, bununla bağlı yerli federasiyadan rəsmi icazə alınıb.
E.Ə.
www.oxu.az
***
29.06.2017 16:36
Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovun Türkmənistan yığmasının şərəfini qoruyacağına dair iddia ortaya atılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə 25 yaşlı pəhləvana məxsus "Facebook" səhifəsi vasitəsilə paylaşım edilib.
Həmin paylaşımda “Azərbaycan üçün böyük itki: Toğrul Əsgərov artıq Türkmənistan yığmasında çıxış edəcək” yazılıb. İdmançının özü isə dünya çempionu Hacı Əliyevlə birgə, həqiqətən də, Türkmənistanda olduğunu bildirən şəkil paylaşıb.
Azərbaycan milli komandasının baş məşqçisi Firdovsi Umudov bildirib ki, hər iki sərbəst güləşçi Türkmənistan Güləş Federasiyasının tədbirinə dəvət aldıqları üçün Aşqabadda olub. Lakin F.Umudov T.Əsgərovun Türkmənistan yığmasında çıxış edəcəyinə inanmadığını bildirib: “Bu gün Toğrul İstanbula əməliyyat olunmağa yollanıb. Bakıya qayıdandan sonra özü ilə danışacağıq. İnanmıram ki, belə bir qərar versin. O, gözümüzün qarşısında yetişib. Əsgərovu heç yerə buraxmayacağıq”.
H.Əliyev isə “Report”a açıqlamasında T.Əsgərovun Türkmənistandan təklif aldığını təsdiqləyib: “Mənə yox, Toğrula təklif oldu. Onun təklifi qəbul edib-etmədiyini bilmirəm. Bu barədə heç nə deyə bilmərəm. Özü Bakıya sabah qayıdacaq. Əsgərovdan soruşarsınız, hər şeyi deyər”.
Qeyd edək ki, Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həmin il Avropa çempionu, 2015-ci ildə isə Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olub. Ötən ay onun adı Dünya Güləş Birliyinin antidopinq qaydalarını pozduqları üçün cəzalandırılan idmançılar siyahısına düşüb və 17 aprel 2018-ci ilədək diskvalifikasiya olunub.

E.Ə.
www.oxu.az