“Bizi bu cür qarşıladığınıza görə təşəkkür edirəm. Öz borcumuzu yerinə yetirdik. Bayrağımızı ən yüksəkdə dalğalandırmalıydıq. Bunun üçün də çalışdıq, vuruşduq və Allaha şükürlər olsun ki, buna nail olduq”.
Oxu.Az-ın xəbərinə görə, bunu Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan atleti Elvin Astanov Bakıdakı qarşılanma zamanı deyib.
Atletikanın nüvə itələmə növündə çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan 42 yaşlı idmançı bugünkü qarşılanma zamanı bu fikirləri bildirib: “44 günə əsgərlərimiz Qarabağı necə azad etdilərsə, biz də cənab Prezidentin tapşırığı ilə Tokioda partlayış etdik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Bizim qəhrəman qızlarımıza da halal olsun. Öz medallarımızı qazandıq. Onlarla da fəxr edirik. Ən xoş arzularla Tokioya getdik və elə də qayıtdıq”.

Nizə atma yarışında dünya rekordu müəyyənləşdirərək çempion olan atlet Həmid Heydəri qarşılama mərasimində iştirak edənlərə təşəkkürünü bildirib: “Dünya rekordu ilə bütün rəqiblərimə qalib gəldim. Ümid edirəm ki, üç il sonra Paris Paralimpiya Oyunlarında öz rekordumu yeniləyəcəyəm”.

Uzunluğa tullanmada bürünc medal qazanmış Səid Nəcəfzadə isə bu sözləri qeyd edib: “Medalsız qayıtmadığım üçün sevinirəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. İlk olaraq, idmançıların yanında olan Prezident İlham Əliyevə minnətdaram. Milli Paralimpiya Komitəsinin rəhbəri İlqar Rəhimova, şəxsi məşqçimə və ailəmə həmişə mənə inandıqları və dəstək verdikləri üçün təşəkkürümü bildirirəm. Hər kəs medalları şəhidlərimizə həsr edib. Onların qanı bahasına dalğalanan bayrağımız həmişə zirvələrdə olsun”.
