Avropanın Top-5 liqalarında (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa çempionatlarında) 2023-cü ildə ən çox uğurlu driblinq edən futbolçular müəyyənləşib.
Oxu.Az xəbər verir ki, siyahıya İngiltərənin “Mançester Siti” klubunun vingeri Ceremi Doku başçılıq edir.
21 yaşlı belçikalının ötən il ərzində 133 driblinq cəhdi uğurlu alınıb. O, ən yaxın izləyicisi olan Almaniyanın “Bavariya” klubunun üzvü Leroy Saneni (114) 19 driblinq qabaqlayıb. İlk üçlüyü İspaniya təmsilçisi “Atletik”in oyunçusu İnaki Uilyams (110) qapayıb.
İspaniya nəhəngi “Real”ın braziliyalıları - Vinisius Junior (106) və Rodriqo (101) - müvafiq olaraq 4-5-ci yerlərdə qərarlaşıblar.
Qeyd edək ki, ötən ilin yayında “Mançester Siti”yə Fransa “Renn”indən keçən Ceremi Doku cari mövsüm bütün turnirlərdə 12 oyuna çıxıb, üç qol, altı məhsuldar ötürmə ilə yadda qalıb.
Rəylər