"Turan Tovuz" baş məşqçisi Kurban Berdıyevlə yeni müqavilə bağlamaq istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın sport24.ru portalı məlumat yayıb.
Xəbərdə bildirilir ki, türkmənistanlı məşqçinin klubla hazırkı müqaviləsinin müddəti 2026-cı il iyunun 30-da başa çatır.
İddia olunur ki, Tovuz klubunun rəhbərliyi Berdıyevə ən azı 3 illik, təkmilləşdirilmiş şərtlərlə yeni müqavilə təklif etməyi planlaşdırır. "Turan"ın əcnəbi mütəxəssisi klubun uzunmüddətli inkişaf strategiyasında əsas fiqur kimi gördüyü də vurğulanır.
Xatırladaq ki, Berdıyevin rəhbərliyi altında "Turan Tovuz" cari mövsümdə uğurlu çıxış edir. Hazırda Tovuz təmsilçisi 9 oyundan 18 xalla Premyer Liqada liderdir. "Qarabağ" 8 oyundan 17 xal toplayaraq, 2-ci pillədə mövqe tutub.