Üçqat Olimpiya, beşqat dünya, doqquzqat Avropa çempionu, onlarla dünya rekordunun sahibi, tanınmış idmançı, türkiyəli sabiq ağır atlet Halil Mutlu “Zirvə” Beynəlxalq İdman Klublarının ənənəvi “Zirve Awards” mükafatının təqdimat mərasimi ilə bağlı Bakıda olub.
Oxu.Az xəbər verir ki, idmanın inkişafında göstərdiyi xidmətlərə görə Ağır Atletika Federasiyasının vitse-prezidenti, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev tərəfindən mükafatlandırılan Mutlunun iştirakı ilə mətbuat konfransı keçirilib.
Bakıya həm də istirahət etmək üçün gəldiyini bildirən Mutlu Azərbaycanda indiyədək ağırlıqqaldırma idman növündən Olimpiya çempionu çıxmamasından danışıb:
“Olimpiya çempionu yetişdirmək üçün ilk öncə yaxşı gənc nəsil olmalıdır. Bu gənc nəsil bizdə – Türkiyədə də, Azərbaycanda da var. Ancaq ən əsası bu gənclərə yaxşı imkanlar, şərait yaradılmalıdır.
İdmançını yedirdə, geyindirə, təhsilləndirə və çalışdıra bilsək – ki, bu da imkan məsələsidir – geriyə onlara yalnız vaxt vermək qalacaq. Mənim məhz “Zirvə”nin içərisində olmağımın səbəbi məhz gənc nəslə verilən dəyəri əyani görməyimdir. Burada təhsil, idman zalı və müvafiq şərait hamısı bir yerdə, iç-içədir.

Mən Bolqarıstanda anadan olmuş, 16 yaşına kimi orada yaşamışam. Ancaq bir türk olaraq dünyaya gəlmişəm. Azərbaycanlıları da türkiyəlilərdən heç vaxt ayırmıram, ayırmamışam. İndi sizdə uşaqlara yaradılan şəraitə baxıb, “kaş ki bizdə də olsa” deyirəm.
Bizdə ancaq bəlli bir yaşa çatandan, milli komandaya üzv olandan sonra dövlətin imkanlarından yararlana bilirik. Ancaq əsas olan başlanğıc nöqtəsidir. Bunu məhz o nöqtədə yaxşı etsək, təhsili, imkanı o vaxtda verə bilsək, zamanla onun bəhrəsini ala bilərik.
Ağır atletika, digər idman növlərində də olduğu kimi uğura qədər çətin, məşəqqətli yol keçilməsini tələb edir. Uşaqlara imkan yaratmalı, sonra onlara vaxt verməliyik. Uğuru ilk yaşlarda gözləməli, tələb etməli deyilik. Uğur nə qədər gec qazanılsa, bir o qədər qalıcı və uzunmüddətlidir.
Mən ilk çempionluğumu 21 yaşımda və özü də gənclər arasında son ilimdə qazanmış, dünya çempionu olmuşam. Həmin vaxt həmkarlarım arasında daha uğurlu, məndən daha öndə olanları var idi. Onlar uğura daha tez nail oldular, amma tez də sönüb getdilər.
Köçkünlük səbəbindən biraz idmana ara vermək məcburiyyətimdən də dolayı uğuru gec qazandım. Amma uğur gələndən sonra növbəti 10-15 il ərzində çıxdığım bütün yarışlardan qələbə qazanaraq döndüm. Bu, bir nümunədir.

Tez yox, təməli möhkəm uğur qazanmaq lazımdır. Əsas məsləhət, əsas yol, əsas fikir də budur. Vaxta, zamana həmişə önəm vermişəm, puldan daha önəmli saymışam. Təbii ki, şərait olmasa, bunlara da nail olmaq olmaz. Amma yenə deyirəm ki, pul hər şey deyil.
Hazırda Azərbaycanda bu işin alt yapısının yaxşı, uğura yönəlik olduğunu düşünürəm. Ancaq yenə də deyirəm, tələsmək olmaz. Bu gün başlayıb, sabah “çox tezliklə mütləq Olimpiya çempionu yetişdirək” deyib tələssək, bilin ki, o yolda səhvlər, yanlışlıqlar edər, uşaqlarımızı da bu səhvlərə sürükləyərik. Vaxt keçdikcə, bu sistem belə davam etdikcə, uğur gələcək. Səbirli olmaq lazımdır”.

45 yaşlı əfsanə “Azərbaycandan təklif gəlsə, qəbul edərsinizmi?” sualına belə cavab verib:
“Dostlar, mən Türkiyədə Ağır Atletika Federasiyasının prezidentliyinə namizəd olmuşam və həmin seçkidə məğlub olmuşam. Rəhmətlik Naim Süleymanoğlu ilə mən birgə rəhbərlik kimi – mən prezident olacaqdım, o vitse-prezident – namizədliyimizi irəli sürmüşdük. Amma seçkidə məğlub olduq.
İndi prezidentliyə namizəd olmuş birinin məşqçilik etməsi düz deyil... Bu gün Azərbaycana məhz məşqçilik etməyə gəlsəm, Olimpiya çempionu yetişdirməyə yox, pul qazanmağa gəlmiş olaram. Onu da etmərəm”.

“Mən idmandan gedən gün yalnız neçə dəfə Olimpiya çempionu olduğumu bilirdim. Qalanlarından xəbərim yox idi: neçə dəfə dünya, neçə dəfə Avropa çempionu olmuşam, nə qədər medal əldə etmişəm, neçə rekord qırmışam və s. bilmirdim. Çünki heç vaxt keçmişimlə yaşamamışam.
Mən heç vaxt geriyə, keçmişə baxmamışam, uduzanda da bundan nəticə çıxarmışam, qələbə qazananda. İdmançılar rəqəmlərlə yox, işlərlə məşğul olsunlar. Digər tərəfdən də günahı tək uşaqlarda yox, rəhbərlərdə də görə bilərik.
Bir dənə çempion yetişəndə hamımız onun yanına doluşmalı, yalnız ona sahib çıxmalı deyilik. Çünki yalnız ona köklənəndə, digər 9-10 idmançını özünüzdən uzaqlaşdırmış olursunuz. Mənə nə vaxt bu cür yaxınlaşmağa çalışırdılarsa, mən onlardan, rəhbərlərdən qaçır, idmançı yoldaşlarımın yanına gedirdim. İdmançılar da etdiklərinə yox, edə biləcəklərinə köklənməlidirlər”, – deyə Mutlu bildirib.

15 il əvvəl Voleybol Federasiyasının indiki vitse-prezidenti Faiq Qarayev və onun qardaşı Fazil Qarayev vasitəsilə ilk dəfə Bakıya gəldiyini deyən Mutlu şəhərdəki dəyişikliklərin mərkəzdə çox olduğunu deyib:
“Necə deyərlər, bizim könlümüz zəngindir, amma sizin bütün zənginliyiniz göz önündədir (gülür). İdman baxımından danışsaq, o vaxt həm biz, həm də siz uğur qazanırdınız. Təbii ki, uğur olanda yaxınlaşma, qaynaşma daha asan olur. Ağır atlet dostlarımızla da çox yaxın, iç-içə idik. Bir şey deyim. Mən köçkün biriyəm, bu işə həssasam.
O vaxtlar Azərbaycan bizim üçün yad bir yer idi. Buraları tanımırdıq, bilmirdik. Elə bilirdik, burda hər şey tamam fərqlidir. Gələndə dedim bəlkə burada məni tanımazlar, rahat gəzərəm, ona da imkan vermədilər (gülür). Azərbaycanı sevirik. Bakı da çox dəyişib o vaxtdan. Düzdür, mənə adətən şəhərin əsasən mərkəzini göstərirlər. Ancaq mən özüm də maşınla şəhərin böyük hissəsini, bəlkə də yarısını gəzib-görə bilmişəm.
Adi bir şey: üç il əvvəl burda idim. Soruşsanız ki, o vaxtdan bu günə nə dəyişib, “yollarınız çox yaxşı olub” deyərəm. İdman baxımından məşq zallarında daha çox idmançı görürəm. Bu, məni sevindirir. İllərlə daha yaxşı yollar, daha çox idmançınız yetişib. Amma Bakı üçün bu yetərli deyil, daha yaxşısı olmalıdır. Bakıya daha gözəli yaraşır.
Mərkəzdəki gözəlliklərin ətrafa yayılmasını da istəyərəm. Biz bir millət, iki dövlətik. Bu, bizim sözdə yox, özdə də belədir. Siz sevinəndə biz də sevinir, siz üzüləndə, biz də üzülürük”.

Tanınmış idmançı daha çox ağırlıqqaldırmada vüsət almış dopinqlə bağlı da danışıb:
“2005-ci ildə dopinq cəzası almış biri kimi sizə deyim: hər şeyi dopinqlə əlaqələndirmək doğru deyil. Bəzi ölkələr işi doğrudan da düzgün aparır. Bəziləri isə yanlış olanı çox düzgün aparır. Məsələn, mənim məsələmdə hər şey yanlış idi. Məndə çıxan maddəni həyatım boyu heç vaxt istifadə etməmişdim. Amma dərdini heç kimə danışa bilməzsən. Çünki dopinq oğurluq deməkdir. Oğurlamadın, ancaq cibindən həmin şey çıxıb…
Necə izah edəcəksən? Nə deyəcəksən? Ona görə də dopinq çox qarışıq, qarmaqarışıq bir şeydir. Hamımız səhv edirik. Amma mənim məsələm çıxanda öz ölkəmdə heç kim mənə sahib çıxmadı. Az öncə demişdim: uğur qazananda yanında adam çox olar. Ancaq problemim çıxanda yanımda heç kim olmadı. Səhv etməmişdim, amma müəyyən səbəblərdən elə alındırılmışdı ki, mən səhv etmişəm. İdmançılar da eyni duruma düşməməli, düşsələr belə doğru davranmalıdırlar.
Səhv edə bilərsən, ancaq önəmli olanı o səhvləri təkrarlamamaqdır. Dopinq çox həssas məsələdir. Biz, Türkiyə olaraq da hazırda bu məsələdə problemlər yaşayırıq. Bu işin qarşısını almaqda çətinlik çəkirik. Ancaq bəzi ölkələrin illərlə olan performansı eynilə davam edir. Bəlkə də onlar işləri düzgün, gərəkdiyi kimi, dopinqsiz aparırlar. Bilmirəm.
Əsas məsələ bizim də onlar kimi doğru nədirsə onu tapmaq, ona uyğun davranmağımızdır. Onların idmançılarında da iki qol var, bizimkilərdə də. İnşallah, sizin soruşduğunuz, mənim anladığım kimi deyil hər şey. İşlər düz, təmiz aparılırsa, rekordlar yenilənirsə, buna ancaq sevinə bilərik. Rekord qırılmaq üçündür.
Bu proses davam etdikcə gəncliyimizin necə gücləndiyini görür, sevinirik. “Onlar” işi düz aparır, yəqin biz səhv aparırıq. Vaxt gələr səhvimizi görər, tapar, düzəldər, uğurlarımıza yenə davam edərik”.