UEFA rəhbərliyi FIFA prezidenti vəzifəsində Canni İnfantinonu əvəz edə biləcək namizəd axtarışına başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, UEFA-da hesab edirlər ki, FIFA rəhbərliyinə "birləşdirici" fiqur seçilməlidir. Qurumda belə hesab olunur ki, avropalı namizədin seçkidə kifayət qədər səs toplamaq şansı yüksək deyil.
Məlumata əsasən, UEFA rəhbərliyi Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasının (CONCACAF) prezidenti, 60 yaşlı kanadalı Viktor Montalyaninin namizədliyini yüksək qiymətləndirir. O, 2016-cı ildən bu vəzifəni icra edir.
Qəzet yazır ki, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim Əl-Xəlifə də FIFA prezidentliyinə mümkün namizədlərdən biri hesab olunur. O, 2016-cı ildə keçirilən seçkidə hazırkı FIFA prezidenti Canni İnfantinoya cüzi səs fərqi ilə məğlub olmuşdu.