Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2026/27 mövsümündə UEFA Çempionlar Liqası (ÇL) matçlarında istifadə olunacaq topları öz rəsmi saytında nümayiş etdirib.
Oxu.Az xəbər verir ki, "Adidas" şirkəti qadın və kişi turnirləri üçün nəzərdə tutulmuş iki fərqli top dizaynını təqdim edib. Hər iki idman ləvazimatı beşguşəli ulduzların əks olunduğu vahid üslubda hazırlansa da, hər bir yarışın unikallığını vurğulayan vizual fərqlərə malikdir.

Kişilərin yarışları üçün nəzərdə tutulan topun üzərindəki "Adidas" və ÇL-in loqotipləri tünd çəhrayı rəngdə işlənib.
Qadınlar arasında ÇL-in rəsmi topu qadın futbolunun inkişafına həsr olunub. Onun dizaynında komanda işini və birliyi tərənnüm edən 11 ulduzdan ibarət "İşıq halqası" dairəsindən istifadə edilib. Parlaq bənövşəyi tonlar narıncı və qızılı vurğularla harmoniyadadır.
Hər iki top tikişsiz yapışdırma texnologiyası tətbiq edilməklə ərsəyə gətirilib.
Qeyd edək ki, ÇL-in əsas mərhələsinin püşkatma mərasimi avqustun 27-də Monakoda baş tutacaq. Liqa mərhələsinin oyunlarına isə sentyabrın 8-də start veriləcək.