UEFA-nın bütün 55 üzvü FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarındakı payı özəl investorlara satmaq planına etiraz edərək qurumun turnirlərini boykot etmək qərarına gəlib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın yaydığı bəyanatda bildirilib.
"Bütün üzvlərimiz adından FIFA-nın dünya çempionatı və digər yarışların kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara verilməsi ilə bağlı təklifini yekdilliklə və qeyd-şərtsiz rədd edirik. Dünya çempionatına investisiya məhsulu kimi baxmaq olmaz. Bu, futbolun ən böyük idman irslərindən biridir. Turnir nəsillər boyu bütün qitələrdən olan futbolçular, milli komandalar və azarkeşlər tərəfindən formalaşdırılıb. Onun heç bir hissəsi özəl investorlara verilməməlidir. Dünya çempionatı satılmır", - deyə bəyanatda vurğulanıb.
Daha əvvəl "The Times" qəzeti yazmışdı ki, Canni İnfantino dünya çempionatının kommersiya hüquqlarındakı payı özəl investorlara satmağı nəzərdə tutan plan üzərində işləyir. Bildirilir ki, bu sxem ona on milyonlarla funt-sterlinq gəlir gətirə bilər.
Plan FIFA-nın əsas kişi və qadınlar arasında keçirilən turnirlərinə - dünya çempionatına və Klublararası dünya çempionatına nəzarət edəcək ayrıca bir şirkətin yaradılmasını nəzərdə tutur.
Həmçinin qeyd olunur ki, FIFA bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampın administrasiyasına yaxın şəxslərlə məsləhətləşmələr aparıb.