Uzun müddət sonra oktaqona qayıtmaq qərarına gələn Rafael Fiziyev gürcüəsilli isveçli UFC döyüşçüsü Quram Kutateladzenin rəqibi olub.
Oxu.Az xəbər verir ki, Kutateladze sosial şəbəkələr vasitəsilə azərbaycanlı döyüşçüyə fevralın 1-də Ər-Riyadda keçiriləcək turnirdə döyüşmək təklifi ilə müraciət edib.
"Menecerlər mənə dedilər ki, Rafael Fiziyevin rəqibi yoxdur və heç kim onunla döyüşmək istəmir. Stil nöqteyi-nəzərindən bu, UFC-nin və izdihamın sevəcəyi döyüş olacaq. Üstəlik, bu, ilin potensial döyüşüdür. Fevralın 1-i Səudiyyə Ərəbistanında", - o yazıb.
Qeyd edək ki, Rafael Fiziyev 2023-cü il sentyabrın 24-də ABŞ-nin Las-Veqas şəhərində polşalı Mateuş Qamrotla görüşdə zədələnib və texniki nokautla məğlub hesab edilib.
