Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vasif Talıbov məğlubiyyətə görə futbol klubunu bağladı?
Bu gün səhər saatlarında fəaliyyətini dayandıran Premyer Liqa klubu “Araz-Naxçıvan”ın ölkə futbolunda şok effekti yaradan addımının səbəbi məlum olub.
Oxu.Az xəbər verir ki, Arqument.az-ın əldə etdiyi məlumata görə, komandanın dağılmasının əsas səbəbkarı Hakimlər Komitəsidir.
Məlumatda bildirilir ki, cari mövsüm başlayandan bəri hakimlərin qərəzli idarəçiliyinin qurbanı olan klubun səbr kasası dolub və rəhbərlik səviyyəsində məsləhətləşmələrdən sonra belə qərar qəbul olunub.
Mənbə onu da bildirir ki, “Araz-Naxçıvan”ın Premyer Liqadakı oyunlarını izləyən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov kluba qarşı hakimlərin haqsız mövqeyinin şahidi olsa da, müəyyən müddət ərzində gözləməyi lazım bilib.
Lakin son turda “Qarabağ”la matçda rəqib komandanın vurduğu dördüncü qolda yan hakimin kobud səhvindən əsəbiləşən Vasif Talıbov komandanın fəaliyyətinin dayandırılması göstərişini verib.
Qeyd edək ki, “Araz-Naxçıvan” klubunun məqsədi yalnız yerli futbolçulardan ibarət komanda yaratmaq idi və heyətdə yalnız azərbaycanlı futbolçular təmsil olunurdu.
Qeyd edək ki, dünən keçirilmiş matçda “Qarabağ” “Araz-Naxçıvan”a 4:0 hesabı ilə qalib gəlib.
E.Ə.
www.oxu.az