"Azərbaycanlılara qarşı münasibətim yaxşıdır".
Oxu.Az xəbər verir ki, bunu Report-un Rusiya bürosuna eksklüziv müsahibəsində Rusiyanın məşhur idman şərhçisi Vasili Utkin deyib.
O, "Kopenhagen" - "Qarabağ" oyununun böyük hissəsini izləyə bildiyini və matçın nəticəsinə sevindiyini qeyd edib.
"Həmin vaxt "Sport FM" radiosunun efirində idim, MOİK - "Yanq Boyz" görüşünü şərh edirdik. Haradasa oyunun 25-ci dəqiqəsindən etibarən monitorlardan birinə "Qarabağ"ın oyununu çıxardılar və qolların necə vurulduğunu gördüm. Həmkarımla "Qarabağ"a görə həyəcanlanırdıq. Bunlar səs yazısı kimi qeydə alınıb, istəyən internetdə tapıb dinləyə bilər", - V.Utkin deyib.
Qarabağ haqqında qalmaqala səbəb olan "Twitter" paylaşımı ilə bağlı vəziyyəti şərh edən şərhçi təcrübəsinə əsaslanaraq bəzi Azərbaycan KİV-lərinin fikirləri təhrif etməyə alışdığını deyib.
"Mənim heç bir ərazi, ölkə, şəhərlə işim yoxdur. İnsanlarla münasibətim var və bu mənada, azərbaycanlılara qarşı münasibətim yaxşıdır", - o bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə abunəçilərinin sayı çoxdur və buna görə də hər yazılanı cavablandıra bilmir.
"Kiminsə nəyəsə qəzəblənməsi və ya nədənsə inciməsi vecimə deyil. Kiminsə qəlbinə dəymək, kimisə təhqir etmək niyyətim olmayıb. Kimsə təhqir etdiyimi düşünürsə, qoy məhkəməyə baş vursun. Çünki təhqir hüquqi anlayışdır. Belə də ki, internet azad məkandır və hər kəsin fikrini bildirmək hüququ var", - V.Utkin deyib.