Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun ilin sonuna nəzərdə tutulan voleybol çempioantı başa çatıb.
Oxu.Az xəbər verir ki, dekabrın 8-də FHN-in TTNDA-nın (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) konfrans zalında keçirilən püşkatma əsasında 16 komanda 4 qrupa bölünüb. 9-10-11 dekabr tarixlərində baş tutan yarışda hər komandadan 10 nəfər olmaqla, 160 iştirakçı mübarizə aparıblar.
İlk iki günü TTNDA-nın zalında keçirilən çempionatda hər qurupda ən yaxşı nəticə göstərən komandalar 1-ci və 2-ci yer tutaraq, 1/4 mərhələyə vəsiqə qazanıblar. TTNDA (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) DYMX-nə (Dövlət Yanğından Mühafizə Xidməti) 3-0, MTTİ (Maddi Texniki Təchizat İdarəsi) XRXX-nə (Xüsusi Riskli Xilasetmə Xidməti) isə 3-0 qalib gələrək finala vəsiqəni əldə edib. Yarımfinal və final mərhələsi isə Voleybol Federasiyasında baş tutub. Yarımfinalda DYMX qalib gələrək 3-cü yerə layiq görülüb.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi isə Maddi Texniki Təchizat İdarəsi ilə 1 və 2-ci yer uğrunda mübarizə aparıblar. TTNDA MTTİ-nə qalib gələrək çempion adını, MTTİ 2-ci yerin mükafatçısı olub.
Komandaların yarışını izləyən beynəlxalq dərəcəli hakim Səbuhi Əliyev qalibləri müəyyən edib.
Çempionat başa çatdıqdan sonra ilk üç yeri tutan komandalar kubok, medal, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
FHN-in İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev mətbuata açıqlama verib:
“5-ci ildir ənənəvi olaraq Fövqəladə Hallar Nazirliyinin voleybol üzrə çempionatını keçiririk və növbəti illərdə davamını gözləyirik.
Nazirliyin müxtəlif idman növləri üzrə yığma komandaları var. Bu il kişilər arasında keçirilən Respublika üzrə Voleybol Çempionatında İdman Sağlamlıq Klubunun heyəti “Neftçi” komandasına uduzaraq, 2-ci yeri qazanıb. Bu onu göstərir ki, FHN-in peşəkar idmançıları və eyni zamanda voleybolçuları var. Düşünürəm ki, gələcəkdə bizim komandamızın tərkibindən Azərbaycan yığma komandasının heyətinə daxil ola biləcək idmançılarımız yetişir”.
Aytən Sadıqzadə