Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin Asiya zonası üzrə F qrupunda keçirilən matçda 14 qol vurulub.
Oxu.Az xəbər verir ki, qrup lideri Yaponiya millisi səfərdə autsayder Monqolustanın qonağı olub.
Birinci oyunda rəqibinə 6:0 qalib gəlmiş yaponlar Monqolustana bu dəfə daha ağır məğlubiyyət yaşadıb – 14:0.
İlk hissəsi 0:5 hesabı ilə başa çatan görüşdə ilk qolu 13-cü dəqiqədə İngiltərənin “Sauthempton” klubunda oynayan Takumi Minamino vurub.
Fasilədən sonra Monqolustan yığması daha doqquz top buraxıb. Son üç qol oyuna əlavə olunmuş dəqiqələrdə vurulub. Bu nəticə ilə Yaponiya millisi xalını 15-ə çatdıraraq seçmə mərhələnin növbəti turuna vəsiqəni təmin edib.
Qeyd edək ki, 14:0 hesablı qələbə Yaponiyanın ikinci böyük hesablı qələbəsidir. Gündoğar ölkənin futbolçuları 1967-ci ilin sentyabrın 27-də Tokioda Filippinə 15 cavabsız qol vurub.
Bu oyun həmçinin Monqolustanın ikinci böyük hesablı məğlubiyyəti olub. Monqollar 1998-ci il dekabrın 5-də Tailandda Özbəkistana 0:15 hesabı ilə uduzub.
Səbuhi Musayev