“Biz sevinərdik ki, İrina Zaretskaya ilin idmançısı seçilsin. Çünki o bu il həm dünya, həm Avropa çempionu oldu, həm də Olimpiadanın gümüş medalını qazanıb. Biz əslində ilin federasiyası da sayıla bilərik. Çünki Olimpiadadan 2 gümüş medalı elə bizim karateçilər gətirdi. Həmçinin dünyada yeganə ölkə olduq ki, fərdi yarışlarda 2 finalımız oldu”.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.
O, Dubayda keçirilən dünya çempionatında karateçilərimizin uğurlu çıxışından sonra çənəsi çıxan Pənah Abdullayevin durumundan danışıb:
“Karate döyüş növüdür. Burada travmasız mümkün deyil. Pənah güclü zərbə aldı. Düzdür, haqsızlıq oldu. Belə zərbə alanda rəqib idmançıya məğlubiyyət verilməlidir. Ancaq əksinə, bu zərbəyə görə ona xal verildi. Pənah Abdullayev bu il Avropa çempionatının finalçısı olub. Onun yeri komanda yarışında görünürdü. Ola bilsin ki, o çıxış etsəydi, komanda şəklində dünya çempionu da olardıq.
Onun çənəsi çıxdıqdan sonra dərhal biletini alıb Bakıya göndərdik. Artıq əməliyyat da olunub. Hər şey yaxşıdır”.
O, bürünc medal qazanan Asiman Qurbanlı, kişi kumite komandamız, eləcə də iki parakarateçimiz barədə bunları deyib:
“Kişilərdən ibarət kumite komandamız 105 ölkə arasında 3-cü oldu. Komandamız, demək olar, 11 ildir belə nəticə göstərmirdi. 2010-cu ildə ilk dəfə Serbiyanın paytaxtı Belqradda finala çıxmışdıq. Bu dəfə isə bürünc medal götürdük.
Təəssüf ki, Asiman Qurbanlı finala çıxa bilmədi. O, son Avropa Oyunlarının qalibidir, hər zaman sabit çıxış edir. Dünya çempionatının bürünc medalı da gözəl mükafatdır. Komandamız yaxşı çıxış etdi. Amma zəif yerlərimiz də var. Katada çıxış edən Roman Heydərov əsgərlikdən yeni gəlmişdi. Karantindən çıxan kimi komandaya qoşuldu. Parakarateçilərimizdən Eldar Əhmədov və Emiliya Mitlinova bürünc medal qazandı. Uşaqları yarışa hazırlayan məşqçilərimizə təşəkkür edirəm. Komanda olaraq bir yerə vurdular. Bugünkü nəticə onların əməyinin nəticəsidir".