Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yeni nazir müavinləri kimlərdir? - DOSYE
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlarla gənclər və idman naziri Fərid Qayıbova iki yeni müavin təyin edilib.
Oxu.Az-ın xəbərinə görə, yeni müavinlərdən İndira Hacıyeva nazirliyin Gənclərlə iş şöbəsinin müdiri olub.
Bakı Dövlət Universitetinin “Riyaziyyat və fizika” fakültəsini bitirən İ.Hacıyeva əmək fəaliyyətinə 1982-ci ildən Elmlər Akademiyası Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi başlayıb. Müxtəlif dövlət orqanlarında çalışıb.
2000-2001 illərdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir, 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və Gənclərlə iş üzrə Baş İdarənin Uşaqlarla iş şöbəsində baş təlimatçı, 2001-2003-cü illər ərzində Uşaqlarla iş şöbəsinin rəisi, 2003-2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyinin Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi, 2009-2012-ci illərdə Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olub. 01.01.2012-ci il tarixdən isə Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Mariana Vasilyeva isə 1974-cü ilin iyulun 6-da Bolqarıstanın Tırqovişte şəhərində doğulub. Bolqarıstan millisində bədii gimnastı olmuş Vasilyeva Veliko Tarnovo Universitetinin məzunudur. O, məşqçi kimi Sofiyanın “Levski” klubunda işə başlayıb. 2007-ci ildə Azərbaycan Gimnastika Federasiyası tərəfindən işə qəbul edilib və 2009-cu ildən etibarən bədii gimnastika millimizin baş məşqçisidir.
Beynəlxalq Gimnastika Federasiyasının “Əməkdar məşqçi” diplomu (2019), Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2015) ilə təltif olunub, Azərbaycan Respublikasının Əməkdar məşqçisi (2013) adını alıb.
Rəylər