Azərbaycan millisinə bir neçə dəfə dəvət olunmuş Yusif İmanov "Sabah" klubundan ayrılıb.
Oxu.Az xəbər verir ki, qolkiper bu barədə şəxsi "Facebook" hesabında məlumat paylaşıb:
O, 16 yaşından paytaxt təmsilçisinin bir parçası olduğunu qeyd edib:
"O gündən bu vaxtadək "Sabah" futbol klubunun formasını qürurla daşıdım. Bu illər ərzində bir çox oyunlarda iştirak etmək və bu ailənin bir üzvü olmaq mənim üçün böyük təcrübə və dəyərli bir mərhələ oldu. Lakin təəssüf ki, son altı ayda klub daxilində mənə qarşı göstərilən subyektiv yanaşma və ayrı-seçkilik halları, həmçinin uyğun şəraitin yaradılmaması mənim karyerama, xüsusilə də millimizin gənc qapıçısı kimi inkişaf perspektivimə mənfi təsir göstərdi".
İmanov bu qərarı almağın asan olmadığını diqqətə çatdırıb:
"Vəziyyəti hərtərəfli dəyərləndirdikdən sonra, göstərilən münasibət və klubdan aldığım rəsmi cavabları nəzərə alaraq, mövcud müqaviləni birtərəfli qaydada pozmaq qərarına gəldim. Artıq bir aya yaxındır ki, bu məsələ ilə bağlı rəsmi şəkildə yazışmalar aparılırdı və bütün hüquqi prosedurlar qanun çərçivəsində yerinə yetirildi. "Sabah"da keçirdiyim illərə görə təşəkkür edir, bütün məşqçilərə, komanda yoldaşlarıma və mənə dəstək olan azarkeşlərə minnətdarlığımı bildirirəm. Qarşıda isə yeni hədəflər, yeni meydanlar və daha güclü Yusif İmanov olacaq!".
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Selye"yə 2:3 hesabı ilə uduzan "Sabah" daha bir problemlə üzləşib.
Oxu.Az Sport1.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisində şok ayrılıq yaşanıb.
Yusif İmanov birtərəfli qaydada klubla olan müqaviləsini pozub. Futbolçu vəkili vasitəsilə FIFA-ya şikayət etməyə hazırlaşır.
Buna səbəb "bayquşlar"ın rəhbərliyinin ona qarşı davranışları olub. Futbolçu Avstriyadakı təlim-məşq toplanışına da aparılmayıb. Həmçinin qolkiperin adı UEFA-nın iştirak ərizəsinə də salınmayıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qapıçı "İmişli" klubu ilə danışıqlara başlayıb.
Anar Həsənov