UEFA Çempionlar Liqasında (ÇL) ikinci finalçının adına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, bu gün Madriddə yarımfinal mərhələsinin növbəti cavab oyununda “Real” “Yuventus”u qəbul edib.
Xatırladaq ki, ilk görüşdə “qoca sinyora” madridliləri 2:1 hesabı ilə məğlub etmişdir.
Cavab qarşılaşması meydan sahiblərinin hücumları ilə başladı. 20-ci dəqiqədə cərimə meydançasında Xames Rodrigesə qarşı edilən qayda pozuntusuna görə hakim “Yuventus”un qapısına penalti təyin edib. Kriştianu Ronaldu 11 metrlik zərbəni dəqiq yerinə yetirərək, “Real”ı hesabda irəli çıxarıb.
İlk hissə bu hesabla bitdi. İkinci hissəyə “Yuventus” fəal başladı və çox keçmədən bu fəallığının nəticəsini gördü. Qapı önündə yaranmış qarışıqlıqdan istifadə edən Morata hesabı bərabərləşdirdi. Qalan dəqiqələrdə tərəflərin bir neçə dəfə fərqlənmək şansı olsa da oyun elə bu hesabla da bitdi.
Beləliklə iki oyunun nəticəsinə görə, “Yuventus” Çempionlar Liqasının finalına vəsiqə qazandı. Finalda “qoca sinyora” İspaniyanın digər futbol nəhəngi “Barselona” ilə qarşılaşacaq. Final oyunu iyunun 6-da Berlinin Olimpiya stadionunda keçiriləcək.
Qeyd edəki, Turin təmsilçiləri Avropanın ən nüfuzlu futbol turnirinin finalında sonuncu dəfə 2003 ildə oynamışdır. Həmin oyunda “Yuventus” əzəli rəqibi “Milan”a oyun sonrakı penlti seriyasında uduzmuşdur.