“Zirə”də çıxış edən Pyer Zebli cari mövsüm Premyer Liqada ən tez qırmızı vərəqə alan futbolçu olub.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, çempionatın PFL-in bayrağı altında keçirildiyi 2008-ci ildən indiyədək səkkizinci dəfə oyunçulardan biri ilk 15 dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.
26 yaşlı yarımmüdafiəçi “Sumqayıt”la (1:0) VI turun oyununun 11-ci dəqiqəsində meydandan qovulub. Afrikalıya qədər yeddi dəfə erkən cəza qeydə alınıb.
Son 15 ilin ilk 15 dəqiqədəki qırmızı vərəqələri arasında ikisi daha erkən gerçəkləşib. Zebli bu dövrdə ən tez cəzalanan üçüncü oyunçudur. Onunla müqayisədə daha erkən cəzalananların hər ikisi 2017/18 mövsümünə təsadüf edib.
Mütləq antirekord Dedimar Fereyraya məxsusdur. “Kəpəz”in legioneri 2017-ci il noyabrın 18-də “Səbail”lə ev matçının (2:3) 5-ci dəqiqəsində komandasını azlıqda qoyub.
“Zirə”nin sabiq futbolçusu Milan Duriç isə 9-cu dəqiqədə belə ağır cəza alıb. O, 2018-ci il mayın 12-də “Kəpəz”lə ev görüşündə (2:1) qırmızı vərəqə alıb.