Nazirlik tərəfindən istifadəyə verilən “iş yerinə dair arayış” elektron xidməti vasitəsilə işçilərə indiyədək artıq 11 610 iş yerinə dair elektron arayış verilib.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
“İş yerinə dair arayış” elektron xidməti vətəndaşlara işəgötürənə müraciət etmədən, bunun üçün vaxt və vəsait (nəqliyyat xərci) sərf etmədən ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün iş yeri haqqında e-arayış əldə etməyə imkan verir. İş yeri haqqında arayışın əmək haqqı göstərilməklə və ya göstərilmədən əldə edilməsi də mümkündür.
Qeyd edək ki, elektron arayışda növündən asılı olaraq işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, həmçinin arayışın etibarlılıq müddəti və s. məlumatlar da dolğun şəkildə öz əksini tapır.
Ötən ilin dekabr və cari ilin yanvar ayı ərzində bu e-xidmətdən istifadə sayı ümumilikdə 28 689 ədəd təşkil edib.
www.oxu.az