Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 6-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.
Komitədən Oxu.Az-a veriıən məlumata görə, investorların özəlləşmə prosesinə marağını nəzərə alaraq budəfəki hərraca çıxarılan əmlakların çeşidi artırılıb.
Belə ki, növbəti hərraca 177 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 42-si kiçik dövlət müəssisəsi, 82-si qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 17-si xidmət, səkkizi kənd təsərrüfatı, beşi iaşə, altısı təmir, qalanları isə sənaye sahəsinə aiddir.
Bundan başqa, xidmət sahəsində də investorları cəlb edəcək əlverişli əmlaklar var. Yevlax şəhərində yerləşən 50 saylı mağaza belə obyektlərdəndir. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 230 kv.m-ə yaxındır.
Kənd təsərrüfatı sahəsi üçün də yararlı olan əmlaklar hərraca çıxarılıb. Belə obyektə Daşkəsən rayonunda yerləşən Yardımçı təsərrüfatı nümunə göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kv.m-ə yaxın, torpaq sahəsi isə 40 min kv.m-dən çoxdur. Adıçəkilən obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir.
Kirayə Təmir Sahəsi də əlverişli əmlaklardandır. Adıçəkilən əmlak Neftçalada yerləşir. Ərazi baxımından kifayət qədər optimal obyektdir. Həmin əmlakın torpaq sahəsi 11 min 500 kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 300 kv.m-dən çoxdur.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə sırasında “Zaqatala Fındıq”, “Anar”, “Xəzər Avtonəqliyyat”, “Salyan Kəndkimya”, “Lənkəran Mebel”, “Əli Bayramlı Aqrotəmir” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.
Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 64-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.
Nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 1372 manatla 2595 manat arasında dəyişir. İstehsal tarixləri isə 2008-2009-cu illəri əhatə edir.
L.Ə.
www.oxu.az