Daşkəsəndə güclü sel kənd yollarına və təsərrüfata ziyan vurub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, təbiət hadisəsi nəticəsində Quşçu kənd sakini Təhməz Rzayevə məxsus 77 baş xırdabuynuzlu heyvan tələf olub.
Hadisə Zəylik kəndi istiqamətinə gedən yolun kənarında yerləşən yataqda baş verib. Bundan başqa, sözügedən və digər kəndlərin yollarından da sel keçib.
Sel Gəncə-Daşkəsən yoluna da palçıq və çınqıl gətirib. Hazırda bu ərazidə aidiyyəti qurumlar tərəfindən iş aparılır, yolun təmizlənməsi həyata keçirilir.
Qeyd edək ki, gecə Gəncə şəhəri və ətraf rayonlara şiddətli yağış yağıb, sel gəlib.