Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) verilən məlumata əsasən, paytaxtın “20 yanvar” dairəsi adlanan ərazisində genişləndirilmə işlərinə başlanılıb.
Oxu.Az NİİM-in məlumatına istinadən xəbər verir ki, Alı Mustafayev küçəsinin Cavadxan küçəsi ilə kəsişməsində yerləşən yolötürücüsündən gələn nəqliyyat vasitələri 20 yanvar ərazisinə daxil olan zaman müəyyən sıxlıq ilə qarşılaşırdı. Bunu nəzərə alaraq həmin ərazidə yerləşən üçbucaq şəklində olan təhlükəsizlik adaları götürülərək genişləndirilmə işlərinə start verilib.
Bundan əlavə, həmin hissədə hündürlüyü 50 sm olan təkərqaytanlar mərmər səki daşları ilə əvəzlənəcək. Eyni zamanda avtobus və taksi dayanacaqlarının da genişləndirilməsi planlaşdırılır.
