“7 Hills” yaşayış kompleksində binaların tikintisi davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə hafta.az-a açıqlamasında şirkətin marketinq şöbəsinin əməkdaşı Rəhman Əhmədov məlumat verib.
O bildirib ki, hazırda binaların tikintisi və satışlar davam edir. İnşaatda da heç bir ləngimə yaranmayıb. İşçilərin isə maaşı vaxtında verilir:
“Layihənin saytında tikintinin gedişatına dair fotolar yerləşdirilib. Nəzərdə tutulduğu kimi, kompleks 2017-ci ilin sonunda tam təhvil veriləcək”.
Şirkətdən qeyd olundu ki, “7 Hills” şirkəti müstəqil qurumdur və Hacı İbrahim Nehrəmliyə heç bir aidiyyəti yoxdur.
Hazırda Azərbaycan Beynəlxalq Bankı ipoteka kreditlərini dayandırdığı üçün “7 Hills” kompleksi üzrə mənzillərin ipoteka yolu ilə satışı “Bank Technique” vasitəsilə aparılır.
11:56
Həbs olunan iş adamları Rəşad Məmmədov və Hacı İbrahim Nehrəmliyə aid olduğu söylənilən “Seven hills” (7 hills) yaşayış kompleksində binaların tikintisində fasilə yaranıb.
Oxu.Az xəbər verir ki, hafta.az-ın məlumatına görə, artıq bir həftədən çoxdur ki, layihə üzrə inşa olunan binalarda tikinti-quruculuq işləri dayandırılıb.
Eyni zamanda, Hacı İbrahim Nehrəmliyə məxsus “Xəzər adaları” layihəsi üzrə də inşaat işlərinin dayandığı söylənilir.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib. O, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılır.
“Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli isə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Beynəlxalq Banka külli miqdarda borcları olduğu iddia olunur.