Son 10 il ərzində məşğulluq xidməti orqanları tərəfindən 86,8 min nəfər qaçqın və məcburi köçkün münasib işlərlə təmin olunub.
Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bunu nazir Səlim Müslümov ölkəmizdə səfərdə olan BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə görüşdə deyib.
Nazir bildirib ki, 3406 nəfər peşə hazırlığı kurslarına, 2454 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub, 4691 nəfər işsizlik müavinəti ilə təmin olunub.
“Cari ilin 1 may tarixinə 50 minə yaxın ailə üzvünü əhatə edən 12 229 qaçqın və məcburi köçkün ailəsinə ünvanlı yardım ödənilir.
Bununla yanaşı, qaçqın və məcburu köçkünlərdən 35 702 nəfərinə aylıq sosial müavinətlər, 3698 nəfərinə təqaüd ödənilir, 1476 nəfərinə isə birdəfəlik müavinətlər verilib”, - deyib nazir.
O qeyd edib ki, aparılan kompleks işlərin nəticəsi kimi, Azərbaycanda məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 15 faizədək azalıb.
S.Müslümov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə nazirliyin əməkdaşlıq əlaqələrindən də bəhs edib, bu əməkdaşlığın daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
Ç.Beyani sürətli tərəqqi dinamikasına malik Azərbaycanın eyni zamanda, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində uğurlu siyasət aparan və müsbət nəticələr əldə edən bir ölkə olduğunu, ölkəmizə səfəri zamanı bunun bir daha şahidi olduğunu bildirib.
Gülnarə Zeynalova
www.oxu.az