2017-ci ilin 6 ayı ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Oxu.Az Azərbaycan Mərkəzi Bankının 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 23.3%, avro ilə əməliyyatların həcmi isə 4.8% azalıb.
Dövr ərzində valyuta bazarında əməliyyatların 85.9%-i ABŞ dollarında, 14.1%-i digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 24.4%- i banklararası valyuta bazarında (BVB), 75.6%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.
ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 57.6%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95.7%-ini hüquqi şəxslərə valyuta satışı təşkil edib. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən ötən ilin 6 ayı ərzində 151 mln. ABŞ dolları xalis valyuta satışı həyata keçirildiyi halda, cari ilin ötən dövründə 91 mln. ABŞ dolları xalis alış həyata keçirilib.
L.Ə.