Dünən Nyu-York fond birjasında keçirilən ticarət seansında ABŞ-ın sənaye indeksi “Dow Jones Industrial Average” 1175 bənd (4,6 faiz) azalıb. Beləliklə, “Dow Jones” indeksi tarixinin ən böyük çöküşünü yaşayıb.
Oxu.Az xəbər verir ki, indeksin dəyər itkisi az treyderi həyəcanlandırıb.
“Dow Jones” indeksi yanvarın 26-da tarixi rekord səviyyəsindən (26 616 bənd) 24 346 bəndə düşüb.
Qeyd edək ki, S&P 500 indeksi də 4 faiz - 113 bal azalıb. Sessiyanın yekununda 2,649 bənd olub.
Rəylərə görə, ABŞ fond birjasında çöküş Ağ Evin ABŞ iqtisadiyyatının uğurları ilə bağlı bəyanatlarının fonunda baş verib.
Belə ki, prezident administrasiyasının press-relizində Donald Trampın dövlət başçısı kimi vəzifəsinin icrasına başlamasından sonra Nyu-York fond birjalarında əməliyyatların 70 dəfə rekord səviyyədə bağlandığı bildirilirdi.
Nəzərə çatdıraq ki, ABŞ fond birjalarındakı satışlar dünyanın digər əsas fond birjalarına, kriptovalyuta bazarına da təsir edib.
“Bloomberg”in qiymətləndirməsinə əsasən, bitkoin dünən Nyu-York saatı ilə 17:00-dan 00:00-a qədər 15 faiz dəyərdən düşərək 6,061 dollara geriləyib.
Bundan əlavə, Yaponiyanın “Nikkei 225” indeksi 1 500 bənd və ya 6,6% azalma ilə üzləşib.
Çinin “Shanghai” indeksi isə 3% azalaraq 3 380 bəndə geriləyib. “Seng China Enterprise” indeksi 6.1 faiz azalaraq 2011-ci ildən indiyədək ən sərt çöküşünü yaşayıb.
Asiyanın digər fond birjası indeksləri də kəskin azalma ilə üzləşib.
L.Ə.
www.oxu.az