ABŞ-ın beynəlxalq şəbəkə texnologiyaları şirkəti “Cisco” dünya üzrə internet trafiki həcminin 2021-ci ildə üç dəfə artacağını bildirib.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, “Cisco”nun “2017 Virtual Şəbəkə İndeksi” (VNI) adlı hesabatına görə, ötən il dünya miqyasında aylıq orta hesabla 73,1 exabyte olan internet trafiki 2021-ci ildə 235,7 exabyte səviyyəsinə çatacaq. Bu da 3,2 dəfə artım deməkdir.
Hesabatda keçən il adambaşına düşən aylıq ortalama internet istifadəsinin 12,9 gigabyte olduğu qeyd edilib. Bunun 2021-ci ildə 2,7 dəfə yüksələrək, 35,5 gigabyte-a çatacağı vurğulanıb.
O da qeyd edilib ki, mobil məlumat trafiki 2016-2021-ci illərdə 7 dəfə artacaq. Ötən il 9,8 faiz olan mobil məlumat trafikinin qlobal internet trafikində payının 2021-də 20,5 faiz səviyyəsinə yüksəlməsinin nəzərdə tutulduğu bildirilib.
Məlum olub ki, ötən il dünya miqyasında internet trafikinin 67%-i videogörüntülərdən ibarət olub. Bu nisbətin 2021-ci ildə 80%-ə yüksəlməsi proqnozlaşdırılıb.
L.Ə.