Qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslər özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarından, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalara dair müraciətlər istisna olmaqla) tam və ya qismən narazı olduqları halda müvafiq Apellyasiya şuralarına təkrar şikayət edə bilərlər.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev bildirib.
“Prezident yanında Apellyasiya Şurasına isə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarının qəbul etdiyi qərarından, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən narazı olan sahibkarlar qanunvericiliyin tələblərinə əməl etməklə şikayət verə bilərlər.
Bir vacib məsələni təkrar vurğulamaq istəyirəm, şikayətlərin verilməsi və baxılması qanunvericiliyin tələbləri ciddi gözlənilməklə həyata keçirilməlidir”, - deyə o qeyd edib.
O, qeyd edib ki, şikayətlərin sayı günbəgün artmaqdadır:
“Həqiqətən də Prezident yanında Apellyasiya Şurasına son bir neçə gün ərzində ayrı-ayrı orqanların qəbul etdiyi qərarlardan müxtəlif məzmunda xeyli şikayət daxil olub və onların sayı günbəgün artmaqdadır.
Proqnozlara əsasən artım dinamikası bundan sonra da davam edəcək.Şikayətlərin sayının azaldılması və lüzumsuz artmasının qarşısının alınması üçün ilk növbədə yerli və mərkəzi icra hakimiyyətləri zəruri tədbirlər görməli, sahibkarların müraciətlərinə məsuliyyətlə yanaşmalı, şikayətlərinə vaxtında və düzgün baxmalı, qanuni tələb və xahişləri təmin etməli, bürokratik amilləri, süründürməçilik hallarını, nöqsan və çatışmazlıqları aradan qaldırmalıdırlar”.
E.Nuriyev sahibkarlara müraciət edərək onu da bildirib ki, Apellyasiya şuralarına lüzumsuz şikayət verməkdən çəkinməlidirlər:
“Sahibkarlar da şikayət verilməsinə məsuliyyətlə yanaşmalı, hüquq və vəzifələrini yaxşı bilməli, qanunvericiliyin müddəalarına ciddi əməl etməli, əsassız iddialar irəli sürməməli, lüzumsuz şikayətlər verməkdən çəkinməlidirlər.
Eyni zamanda, Apellyasiya şuraları sahibkarların şikayətlərinə vaxtında, obyektiv baxmalı, qanuni qərarlar qəbul etməlidirlər”.
“Hazırda Şuraya daxil olan şikayətlərin təhlili göstərir ki, sahibkarlar qanunvericiliyin müddəalarını kifayət qədər düzgün təfsir etmir, icrası zəruri olan tələbləri, prosedur qaydaları pozurlar. Bu hal son nəticədə şikayətlərə baxılmasından imtinaya, baxılmamış saxlanmasına, mübahisənin həllini tapmamasına, şikayətin aidiyyəti üzrə göndərilməsinə, onların sayının süni artmasına gətirib çıxarır, vaxt itkisinə, əlavə iş yükünə, məsrəflərə səbəb olur.
Əvvəla onu deyim ki, Apellyasiya şuralarına şikayətləri yalnız sahibkarlar, onların qanuni nümayəndələri verə bilərlər və bu şikayətlər yalnız sahibkarlıq fəaliyyəti ilə, eləcə də onların özlərinə aid sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır.
Göründüyü kimi, bütün hallarda bu üç şərt gözlənilməlidir. Bundan əlavə, sahibkarlar şikayətin verilməsinin prosedur qaydalarına, şikayətin forma və məzmununa, digər tələblərə əməl etməlidirlər. Əks təqdirdə, qanunvericiliyə müvafiq olaraq, onların şikayətlərini həll etmək imkan xaricində olacaq”, - deyə o bir daha vurğulayıb.
Ülviyyə R. Əli
www.oxu.az