İyun ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,7%, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 14,8 və 0,1% ucuzlaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3% bahalaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi(DSK) yayıb.
Komitənin məlumatına görə, analoji dövrdə balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,1% ucuzlaşıb.
“Birillik bitkilərdən buğdanın, arpanın, baş kələmin, xiyarın, pomidorun, süfrə çuğundurunun, baş sarımsağın, kartofun, baş soğanın, quru otun istehsalçı qiyməti ucuzlaşmış, yoncanın istehsalçı qiyməti isə bahalaşıb”-deyə, komitə qeyd edib.
Bundan əlavə, çoxillik bitkilərdən albalının, alçanın, gilasın, çiyələyin istehsalçı qiyməti ucuzlaşıb.
Qeyd edək ki, diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun və keçilərin qırxılmış yuyulmamış yununun, balın, mal, qoyun və donuz ətinin (diri çəkidə), südün, diri qoyun və keçilərin istehsalçı qiyməti ucuzlaşmış, diri ev quşlarının, quş ətinin (diri çəkidə), yumurtanın istehsalçı qiyməti isə bahalaşıb
Ülviyyə R. Əli
www.oxu.az