Sentyabrın 8-də, Bakının Üzeyir Hacıbəyov küçəsi 59-da yerləşən “Aston Martin Baku”da dünyanın ən məşhur casusu Ceyms Bondun sevimli maşınlarından biri hesab olunan yeni “Aston Martin DB9” modelinin təqdimatı keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə Britaniyanın luks kateqoriyalı avtomobil brendi “DB9” və son dərəcə məhdud sayda buraxılmış “DB9 GT Bond Edition” modelinin satışa çıxarılması ilə yanaşı, “Spectre” filminin premyerası da qeyd edilib.
Tədbirdə çıxış edən “Aston Martin Baku” salonunun baş meneceri İbrahim Əhmədov bildirdi ki, “007: Spectre” filmi üçün xüsusi olaraq Ceyms Bond tərəfindən idarə olunması üçün ilk dəfədir ki, son dərəcə məhdud sayda 10 ədəd Aston Martin DB10 idman avtomobili istehsal olunub.

“Avtomobil Birləşmiş Krallığın Qaydon şəhərində yerləşən şirkətin baş qərargahının dizaynerləri, mühəndisləri və yüksək ixtisaslı ustaları tərəfindən xüsusi sifarişə əsasən layihələndirilib və əllə yığılıb.

Avtomobil satışa çıxarılmayıb və çıxarılmayacaq.
“Aston Martin Baku” eksklüziv olaraq “007: Spectre” filminin Bakıda nümayiş olunması hüququna malikdir. 6 noyabr tarixində bütün dünyada bu film nümayiş olunacaq. Lakin noyabr ayının 5-də “Aston Martin Baku” bir gün tez Bakının VİP qonaqları üçün “Flame Towers”-də yerləşən İMAX kinoteatrında bu filmi nümayiş etdirəcək”.

Baş menecerin sözlərinə görə, “Aston Martin DB10”-un yalnız film üçün istehsal olunduğunu nəzərə alaraq, Aston Martin “DB9” modelinin bazasında məhdud sayda “DB9 GT Bond Edition” avtomobilini istehsal edib.
“DB9 GT Bond Edition” avtomobilində qapı astanalarında məşhur “007” loqotipinin əks olunduğu unikal nömrəli lövhəciklər, ön və arxa oturacaqların arakəsmələrində nəfis tərtibatlı 2+2 üslubunda tapança naxışı və yeni modelin “taçskrin” tipli Aston Martin AMi II proqramlaşdırılmış məlumatlandırma və əyləncə sistemində xüsusi “Bond Edition” start-işəsalma ekranı vardır.
Hazırda adıçəkilən avtomobil Bakıda satışa çıxarılmayıb. Lakin “DB9 Bond Edition” avtomobilinə yiyələnmək istəyən şəxs, onu “Aston Martin Baku”-da sifariş edə bilər”.
Daha sonra “Aston Martin Baku”-nun brend meneceri Azər Cəlilov Böyük Britaniyanın luks kateqoriyalı idman avtomobillərinin istehsalçısı “Aston Martin” brendi haqqında ətraflı məlumat verib.

O bildirib ki, “Aston Martin Baku”-da Britaniyanın luks kateqoriyalı avtomobil brendinin zəngin olan DB9, Vanquish, Vantage, Rapide S modelləri satılır.
Qeyd edilib ki, “Aston Martin Baku”-da 5+5 aksiyasına başlanılıb. Belə ki, standart üç il istehsalat zəmanətinə iki il əlavə olunub və müştərilər 5 il ödənişsiz servis xidmətlərindən yararlana biləcəklər.

Daha sonra yeni “Aston Martin DB9” modeli haqqında ətraflı məlumat verilib.
DB9 modelinin bu yeni buraxılışı özünün daxili və xarici görkəmindəki incə seçimlərlə işlənmiş zövqlü əlavələrlə digərlərindən fərqlənir.
DB9 modelinin 6 litrlik V12 mühərriki dəqiqədə 6750 dövr (rpm) ilə 547 at gücü və 5500 rpm ilə 620 Nm fırlanma momentini hasil etmək iqtidarındadır.

Büsbütün yüngül lehimli, üst bölüşdürücü val, 48 klapanlı, 5,935 kub santimetr həcmli, ön orta hissədə quraşdırılmış V12 mühərriki arxa orta hissədə quraşdırılmış, kabellə idarə olunan ötürücü sistemi, 6 pilləli Touchtronic II transmissiyası ilə uyğunlaşdırılıb.

Bu isə luks idman avtomobilinin cəmi 4.6 saniyə ərzində 100 km/saat sürət yığmasını və maksimal olaraq saatda 320 km sürətlə hərəkət etməsini təmin edir.

Tam dəyirmi, paralel A-şəkilli qoşa linglər üzərində qurulmuş müstəqil asqı sistemi əlavə olaraq təhlükəsiz idarəetməni təmin etməklə yanaşı, üç pilləli Özütənzimlənən Amortizasiya Sistemi (ADS) mümkün ola biləcək ən geniş dinamik xüsusiyyətlərin təmin edilməsi üçün avtomobili idarə edən şəxsə bir-birindən fərqli normal, idman və trek rejimlər təklif edir.

Qeyd edək ki, “Aston Martin” markalı avtomobillər rəsmi olaraq Bakının Üzeyir Hacıbəyov küçəsi 59-da yerləşən “Aston Martin Baku”-da satılır. Ərazidə xüsusi olaraq “Aston Martin” markalı avtomobillər üçün servis də mövcuddur. Əlavə edək ki, “Aston Martin” avtomobillərinin Azərbaycanda yeganə rəsmi dilleri “Avtolux Azerbaijan” MMC-dir.