Bu gün Azərbaycan iqtisadiyyatı həddindən artıq dollarlaşıb.
Oxu.Az xəbər verir ki, bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti bu gün təşkil edilən mətbuat konfransında jurnalistlərə deyib.
“Ölkə iqtisadiyyatının yenidən inkişafı üçün banklar manatla kreditlərin verilməsinə qadir olmalıdırlar. Bunun üçün də biz Azərbaycan hökuməti ilə müəyyən müzakirələr apardıq. Hesab edirik ki, bununla bağlı bank sektorunda yeni mexanizmlər işlənib hazırlanmalıdır”.
Onun sözlərinə görə, Avropa Bankı çalışır ki, manatla istiqrazların buraxılmasını təmin etsin.
“Düşünürük ki, bu, Azərbaycanın imkanlarını daha da artıracaq”, - deyə S.Çakrabarti deyib.
O, həmçinin ölkədə problemli kreditlərin həcminin artmasından da narahat olduğunu bildirib:
“Azərbaycanda problemli kreditlərin həcminin artmasından narahatıq. Bu təkcə Azərbaycana deyil, eyni bu cür vəziyyətdə olan ölkələrə də aiddir.
Avropa Bankı olaraq, biz bunu kreditlərin qaytarılması mədəniyyəti adlandırırıq. Bank olaraq istərdik ki, bu problem həllini tapsın. Əgər bu məsələ həllini tapmazsa, banklar çalışacaq ki, növbəti addımlarında daha konservativ qərarlar qəbul etsinlər”.
Ülviyyə R. Əli
www.oxu.az