“Azərbaycan Hava Yolları” QSC (AZAL) biletlərin qiymətini qaldırıb.
Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, bu barədə “Yeni Müsavat”a məlumat verən sərnişinlər bildirirlər ki, müxtəlif istiqamətlərə uçuşların qiymətində artım var.
Məsələ ilə bağlı AZAL-ın xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib ki, biletlərin qiymətində heç bir artım yoxdur:
“Bu, bilet satışının nestinq sistemi ilə həyata keçirilməsidir. Bilet satışı nestinq sistemi ilə aparıldığından, əvvəlcə ucuz biletlər satışa çıxarılır, sonra isə qiyməti baha olan biletlər satılır. Əvvəldən bilet sifariş edəndə qiyməti də ucuz başa gəlir. Bu, bütün dünya aviaşirkətləri arasında olan prosesdir və şirkətlər arasında rəqabət yaradır. Digər şirkətlərdə olduğu kimi, bizdə də bilet satışı nestinq sistemi ilə həyata keçirilir. O sistem belədir ki, ucuz yerlər əvvəlcədən alınır, kimin fərasəti var, bir ay əvvəldən sifariş verir, bron edir. İATA- Yəni Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası bunu tövsiyə edir ki, biletlər nestinq sistemi ilə satılsın. Məsələn, mən avqustda istirahətə gedəcəm, amma maydan bileti ucuz alıram. Uçuşa bir neçə gün qalmış bilet alanlar ona görə baha alırlar ki, ucuz yerlər satılmış olur, ancaq bahalı yerlər qalır. Məsələn, 145 yerdən 50-si ucuz satılır, 50-si bir az baha. Yerdə qalan 45 yer də iki hissəyə bölünərək yenə də baha olaraq satılır”.