Bakı-Bişkek marşrutu üzrə “Azərbaycan Hava Yolları” - AZAL-ın ilk aviareysi həyata keçirildi.
Oxu.Az xəbər verir ki, Azərbaycan nümayəndə heyətini “Manas” beynəlxalq aeroportunda Qırğızıstan baş nazirinin birinci müavini Tayirbek Sarpaşev, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov, Azərbaycan diasporunun nümayəndələri qarşılayıb.
Daha sonra Bakı-Bişkek marşrutunun ilk sərnişinlərinin salamlanmasına həsr edilmiş rəsmi tədbir baş tutub. Tədbirdə reysin açılmasının vacibliyini vurğulayan T.Sarpaşev qeyd edib ki, bu marşrut Qırğızıstan vətəndaşlarına AZAL marşrutundan istifadə edərək, Nyu-Yorka daha rahat formada uçmağa imkan yaradacaq.
Çıxış edən səfir Hidayət Orucov öz növbəsində qeyd edib ki, indi iki qardaş ölkə arasında yol 2 saat 40 dəqiqəyə qət ediləcək. Səfir, reysin Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi sərəncamı əsasında açıldığını xüsusi olaraq vurğulayıb. Tədbirin sonunda çıxış edən deputat Fəttah Heydərov da reysin vacibliyini qeyd edib.
AZAL-ın mətbuat katibi Məhərrəm Əliyev jurnalistlərə bildirib ki, Bişkek AZAL-ın təyyarələrinin uçduğu 38-ci ölkə olacaq. O, əlavə edib ki, reyslər A-320 təyyarələrində bazar və çərşənbə axşamları yerinə yetiriləcək, biletlərin qiymətləri isə 386 manatdan başlayacaq.