2014-cü il iyulun 1-nə olan məlumata görə, 2001-ci ilin əvvəlindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (SOFAZ) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 102 milyard 812 milyon dollar daxil olub.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bu barədə SOFAZ-dan deyiblər.
Qeyd edək ki, “AÇG” iri dəniz yatağının işlənməsi üzrə müqavilə 1994-cü ildə bağlanıb. Blokun təsdiq edilmiş neft ehtiyatları təqribən 1 milyard tondur.
SOFAZ-dan bildiriblər ki, 2014-cü ilin yanvarın 1-dən iyulun 1-dək “AÇG” layihəsi çərçivəsində Fonda 7 milyard 780 milyon dollar daxil olub.
Qeyd edək ki, 1999-cu ildə yaradılan SOFAZ-ın həmin vaxt aktivləri 271 milyon dollar olub. 2014-cü il aprelin 1-nə olan məlumata görə, SOFAZ-ın aktivləri 36 milyard 618,4 milyon dollar təşkil edib.(Trend).