ABŞ-ın “Kelvin Hughes” şirkəti Azərbaycana 11 ədəd “SharpEye” radiolokasiya stansiyasının (RLS) satışına dair sifariş aldığını açıqlayıb.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, şirkətin yaydığı rəsmi press-relizə görə radarlar Azərbaycanın Xəzər dənizindəki neft-qaz mədənlərinin müdafiə olunması üçün gəmilərin hərəkətini idarə etməyə xidmət edəcək.
Radar sistemi sahil və sahilyanı komponentlərdən ibarətdir. Kompleksin yerüstü hissəsi X-diapazonlu SBS-800 radarından, offşor hissələri isə “SBS-800-1” antennalarından ibarət olmaqla informasiyaları böyük sürətlə radarın ekranlarına ötürə bilir.
“Biz əminik ki, bu sistem Azərbaycana dəniz obyektlərinin izlənilməsi və naviqasiya məlumatlarının tam əhatəli şəkildə əldə edilməsinə imkan verəcək. Müasir texnologiya ilə hazırlanmış radar kompleksi dənizdəki gəmilərin içərisindən lazım olan hədəfi tez ayrıd edib izləməyə, hətta ən pis hava şəraitində belə radarın azərbaycanlı operatorlarına hədəflə bağlı bütün situasiyanı nəzarətdə saxlamağa imkan verəcək” - deyə şirkətin təmsilçisi Spayk Hyuz bildirib.
Radarların bu ilin avqustunda çatdırılıb quraşdırılacağı gözlənilir. Sifarişin hansı təşkilat tərəfindən verildiyi və radarların neçəyə başa gələcəyi açıqlanmır. Ancaq ehtimal olunur ki, ABŞ şirkətinə bu radarları Dövlət Sərhəd Xidməti verib.
Azərbaycan son illər Xəzərdəki neft-qaz platformalarının təhlükəsizliyinin təmin edilməsi üçün kompleks tədbirlər görür və bu sahədə ABŞ-la sıx əməkdaşlıq edir.