Sinoptiklərin ölkə ərazisində, o cümlədən, Bakı və Abşeron yarımadasında hava şəraitinin kəskinləşəcəyi ilə bağlı xəbərdarlığından sonra Bakının kommunal xidmətləri hazır vəziyyətə gətirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi texnikaları bu axşamdan paytaxtın müxtəlif yerlərində növbə çəkir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, qurumun texnikası da qar yağmasına tam hazırdır. Onun sözlərinə görə, yolların təmizlənməsi üçün kifayət qədər texnika, qum, duz ehtiyatı mövcuddur.
Xatırladaq ki, yanvarın 30-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə və gündüz 0-2 dərəcə isti, axşam 3 dərəcəyədək şaxta olacağı gözlənilir.