“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında dövlət zəmanəti olmadan 2 ədəd “Handysize” tipli quru yük gəmisinin maliyyələşməsi üzrə kredit müqaviləsi imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bununla əlaqədar keçirilmiş tədbirdə Avropa Yenudənqurma və İnkişaf Bankında Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarov, AİH-in baş icraçı direktoru Ruslan Əlixanov, ASCO-nun İdarə heyətinin sədri Rauf Vəliyev, AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos və AYİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Natali Mouravidze iştirak ediblər.
Kredit müqaviləsini AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov, ASCO-nun İdarə heyətinin sədri Rauf Vəliyev və AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos imzalayıblar. Layihənin ümumi dəyəri 60 milyon ABŞ dolları təşkil edir. Kredit müqaviləsi 2 tranşdan ibarət olmaqla, gəmilərin alınmasının 70%-nin AYİB tərəfindən ayrılan kredit vəsaiti, 30%-nin isə ASCO-nun daxili imkanları hesabına maliyyələşməsini nəzərdə tutur.
Tədbirdə ölkəmizdə həyata keçirilən layihələrə, eləcə də qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan nəqliyyat və tranzit yükdaşımaları sahəsində icra olunan irimiqyaslı layihələrə beynəlxalq maliyyə institutları, o cümlədən AYİB tərəfindən göstərilən marağın və müxtəlif maliyyələşmə alətləri ilə verilən dəstəyin əhəmiyyəti qeyd edilib.
Bildirilib ki, AYİB tərəfindən dövlət zəmanəti olmadan birbaşa ASCO-ya kreditin ayrılması, Azərbaycanda səhmləri dövlətə məxsus olan müəssisələrdə aparılan uğurlu islahatların, beynəlxalq prinsiplərə uyğun qurulmuş korporativ idarəetmə və hesabatlılıq sistemlərinin mövcudluğunun, əməliyyatlarda şəffaflığın və sağlam maliyyə vəziyyətinin təmin edilməsinin göstəricisidir.
Vurğulanıb ki, AYİB ilə yeni əməkdaşlıq gəmiçiliyin inkişafında yeni mərhələdir və bugün imzalanan kredit müqaviləsi QSC-nin fəaliyyət coğrafiyasının genişləndirilməsinə və ölkəmizin Xəzərdən kənarda yükdaşıma potensialının daha da artırılmasına xidmət edir.
Bundan başqa, ASCO ilə əməkdaşlıq çərçivəsində imzalanan kredit müqaviləsi qlobal iqlim dəyişiklikləri üzrə çağırışların icrasına da müsbət töhfə verəcək. Belə ki, kredit müqaviləsi Beynəlxalq Dənizçilik Təşkilatının son ekoloji tələblərinə cavab verən müasir quru yük gəmilərinin alınmasını nəzərdə tutur.
19:03
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında kredit sazişi imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Sənədin icrası regional kommunikasiyaların və ticarət əlaqələrinin gücləndirilməsinə, tranzit yüklərinin daşınmasının artırılmasına və marşrut istiqamətlərini şaxələndirməklə rəqabətqabiliyyətliliyin yüksəlməsinə töhfələr verəcək”, - nazir qeyd edib.
EBRD-dən verilən məlumata görə, ASCO-ya 42 milyon ABŞ dolları (38,71 milyon avro) məbləğində kredit ayrılıb. Layihənin ümumi dəyəri 60 milyon ABŞ dolları təşkil edir.
Bildirilir ki, EBRD bu vəsaitin ayrılması ilə Asiya və Avropa arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verir.
“ASCO ayrılan krediti beynəlxalq sularda quru yüklərin daşınması və ticarət donanmasının fəaliyyətini genişləndirmək üçün iki ədəd “Handysize” tipli quru yük gəmisinin alışına sərf edəcək. Məqsəd regional dəniz əlaqələrinin və ticarətinin gücləndirilməsinə dəstək verməkdir. Yeni gəmilər Mərkəzi Asiya və Cənubi Qafqazı qlobal bazarlarla birləşdirən genişləndirilmiş Orta Dəhliz boyunca Azərbaycanın həlledici halqa kimi ölkə mövqeyini möhkəmləndirməyə dəstək olacaq”, - məlumatda deyilir.
EBRD, həmçinin gəmiçilik sektorunda dekarbonizasiya problemlərini daha yaxşı həll etmək və ASCO-nun dayanıqlılıqla əlaqəli ilk maliyyələşmə alətlərinə yol açmaq üçün şirkətin iqlim yönümlü korporativ idarəçiliyini və iqlimlə əlaqəli açıqlama siyasətlərini təkmilləşdirməkdə ona dəstək verəcək.
Bank hesab edir ki, ASCO regionun ən böyük gəmiçilik şirkətlərindən biri olaraq bu mühüm ticarət marşrutu boyunca dəniz əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır.
Qeyd edək ki, EBRD Qafqaz və Mərkəzi Asiyada mühüm institusional investordur. Bank Azərbaycanda ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 189 layihəyə 3,6 milyard avrodan çox sərmayə yatırıb.
As part of our country's successful collaboration with the European Bank for Reconstruction and Development (@EBRD), a Loan Agreement has been signed between EBRD and "Azerbaijan Caspian Shipping" CJSC (@ASCO_CJSC). The implementation of this agreement will contribute to… pic.twitter.com/Tl32IvAoCY
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 1, 2024