Gürcüstanın Milli Statistika Xidmətinin (Qruzstat) dəqiqləşdirilmiş məlumatına əsasən, 2014-cü ildə Gürcüstana birbaşa xarici sərmayələrin həcmi 87% artıb.
Oxu.Az “Biznes-Qruziya”ya istinadən xəbər verir ki, dərc edilmiş məlumata əsasən 2014-cü ildə Gürcüstanda həyata keçirilmiş birbaşa investisiyaların həcmi 1758 milyon dollardan ibarət olub, bu isə 2013-cü ildə olan göstəricidən 87% çoxdur.
Dəqiqləşdirilmiş məlumata əsasən 2014-cü ildə Gürcüstana daxil olan xarici investisiyaların axını 2873 milyon dollar təşkil edib.
Ümumi xarici investisiyalarda üç iri investor-ölkənin payı dəqiqləşdirilmiş məlumata əsasən 52%-dən ibarətdir.
“Qruzstat”ın məlumatına əsasən həyata keçirilmiş birbaşa xarici investisiyalara görə, birinci yerdə 21% ilə (374 milyon dollar) Niderland, ikinci yerdə 19% ilə (341 milyon dollar) Azərbaycan və üçüncü yerdə 12% ilə (218 milyon dollar) Çindir.
Birbaşa xarici investisiyalar ən çox rabitə sahəsinə qoyulub, bu sahəyə yatırılan 433,7 milyon dollar, ümumi birbaşa xarici investisiyaların 25%-ni təşkil edir. İkinci yeri inşaat sektoru tutur, bura 316,6 milyon dollar (18%) yatırılıb, üçüncü yerdə isə - 205, 4 milyon dollar (12%) sərmayənin yatırıldığı emal sənayesidir.