Kreditə görə intihar etmək heç bir halda çıxış yolu deyil. Ən azından vətəndaş həmin kreditin qaytarılmasını öz varisinə transfert etmiş olar. Çünki kredit ödəyən şəxs ölürsə və ya intihar edirsə həmin öhdəlik onun varisinə keçir.
Bunu Oxu.Az-a iqtisadçı-ekspert Vüqar Bayramov son zamanlar kreditlər üstündə intiharların artması ilə bağlı xəbərlərə cavab olaraq bildirib.
Ekspert bildirib ki, vətəndaşlar ilk növbədə kredit götürərkən zaman ödəmə qabiliyyətini yoxlayıb kredit götürməlidirlər:
“Kredit götürdükdən sonra onu qaytara bilməyən vətəndaşlar birinci növbədə bununla bağlı banka müraciət etməlidirlər. Bildirməlidirlər ki, kreditin qaytarılmasında çətinlikləri var. Xahiş etməlidir ki, kredit müqaviləsinə yenidən baxılsın və kredit müddəti uzadılsın, kredit müddətinin uzadılması aylıq ödəniş məbləğinin aşağı salınması deməkdir. Aylıq ödənişin qaytarılması onun kredit qaytarma şanslarını artırır.
İkinci banka müraciət edən vətəndaş aylıq ödənişlərin qaytarılmasında çətinlik çəkdiyi üçün kreditin faizlərinə yenidən baxılması üçün kredit faizlərində güzəştlərin edilməsini xahiş etməlidir. Faizlərdə güzəştlər edilirsə, aylıq ödəniş azalır. Bir sıra banklar bu məsələdə faizlərdə müəyyən güzəştlər edirlər.
Üçüncüsü, vətəndaş kreditin qaytarılmasında çətinlik çəkirsə panikaya düşməli deyil. Vətəndaş üç ay ərzində krediti qaytara bilmirsə kredit üç aydan sonra problemli kredit kimi rəsmiləşdirilir. Vətəndaş bu üç ay ərzində çalışmalıdır ki, əlavə gəlir yeri tapıb krediti ödəsin”.
Ekspert qeyd edib ki, Azərbaycanda krediti qaytarmayan şəxsə inzibati tədbir görülməsi nəzərdə tutulmur. Krediti ödəyə bilməyən vətəndaşın ölkəni tərk etməsi qadağan edilə bilər, lakin krediti ödəməsə onu nə həbs, nə güllələnmə, nə də cəza gözləyir.
“Vətəndaş ilk növbədə banka müraciət etməlidir. Bankdan neqativ cavab gələrsə onun müraciət edəcəyi üçüncü bir qurum yoxdur. Əgər kreditin məbləği böyükdürsə və bank bu problemi qəbul etmirsə, o zaman vətəndaş Banklar Assosiasiyasına müraciət edə bilər. Həmin assosiasiya tərkibinə daxil olan banka kredit müddətinin uzadılması, kredit faizlərinə yenidən baxılması üçün təsir edə bilər”.
Ekspert bildirib ki, bank əməkdaşı krediti qaytara bilməyən şəxsə təzyiq göstərə bilməz.
“Bank əməkdaşının kredit götürən şəxsi hədələmək hüququ yoxdur. Vətəndaş krediti qaytara bilmirsə bank məhkəməyə müraciət edə bilər. Əgər bank əməkdaşı vətəndaşı hədələyirsə vətəndaş izah etməlidir ki, onun belə bir hüququ yoxdur, yalnız məhkəmə yolu ilə məsələni həll etmək mümkündür. Vətəndaş bank əməkdaşının onu daim olaraq hədələdiyini görsə, o zaman vətəndaş ona psixoloji təsir olduğu üçün məhkəməyə müraciət etməlidir”.
Elvin Əhmədov
www.oxu.az