Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan bu ilin iyul ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, iyulda respublika üzrə gündəlik neft hasilatı 796,7 min barel olub.
Oxu.Az Energetika Nazirliyinə istinadən xəbər verir ki, hasilatın 745,1 min barelini xam neft, 51,6 min barelini kondensat təşkil edib. Gündəlik 611,3 min barel xam neft, 51,6 min barel kondensat, 15,7 min barel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.
Qeyd edək ki, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda isə 793,7 min barel olub.
L.Ə.