Son iki gündə Azərbaycan-Rusiya sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-keçid məntəqəsində avtonəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilib.
Komitədən bildirilib ki, hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir.
“Sıxlığın yaranmasına səbəb isə Rusiya istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdır.
Hazırda iki ölkə arasındakı sərhəddə tez xarab olan kənd təsərrüfatı məhsulları ilə yüklü avtomobillərin olduğunu nəzərə alaraq DGK-nın rəhbərliyi Rusiya Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciət ünvanlayıb və sıxlığın mümkün olan ən qısa vaxt ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə saat 14:00-da sərhəddə hər iki ölkənin gömrük və sərhəd xidmətinin nümayəndələri arasında görüş keçiriləcək”, - deyə DGK-nın açıqlamasında qeyd olunub.
11:55
Azərbaycan-Rusiya sərhədində, Qusar rayonunda yerləşən “Samur” gömrük buraxılış məntəqəsində tıxac yaranıb.
Oxu.Az xəbər verir ki, bunu “Report”un Şimal bürosunun müxbirinə Xaçmaz Gömrük İdarəsinin “Samur” buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirov bildirib.
Rəis müavininin sözlərinə görə, Rusiya Federasiyasına keçmək istəyən yük maşınlarının qonşu ölkənin gömrük məntəqəsindən buraxılmaması Azərbaycan tərəfdə sıxlıq yaradıb: “Sıxlıq əsasən mövsümlə bağlıdır. Ötən gün Rusiya tərəfinə 150 yük maşını yola salınıb.
Hazırda “Samur” gömrük buraxılış məntəqəsinin qarşısında Rusiya tərəfinə keçmək üçün növbə gözləyən “TIR”-ların sayı 200-ə çatıb”.
C.Nadirov qeyd edib ki, buraxılış məntəqəsində yaranan sıxlıqla bağlı Rusiya tərəfinin gömrükçüləri ilə mütəmadi danışıqlar aparılır: “Təqribən bir saatdan sonra Azərbaycan və Rusiya gömrükçülərinin görüşü baş tutacaq. Bunun üçün müvafiq danışıqlar aparılıb. Problem də aradan qaldırılacaq”.
U.A.
www.oxu.az