Hazırda bazarda üç böyük şirkət var ki, onlar Azərbaycanı sement məhsulu ilə tam təmin edir. Bununla da idxala ehtiyac yoxdur. Hətta, gələcəkdə planlaşdırılır ki, Azərbaycan bu məhsulu ixrac etsin.
Şirkətimiz bu istiqamətdə fəaliyyət göstərir. Düzdür, hələ ki, ixrac olunması nəzərdə tutulan ölkələrin tam siyahısı olmasa da ümid edirik ki, məhsulumuzu qonşu ölkələrə ixrac edə bilərik.
Bu barədə Oxu.Az-a “İteca Caspian” şirkətinin təşkil etdiyi “BakuBuild-2015”, 21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi çərçivəsində bazarda aparıcı yeri tutan sement istehsalçısı olan şirkətdən bildirilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin 9 ayında Azərbaycana təxminən 24 milyon dollar həcmində sement idxal edilib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə, 68 milyon dollar və ya 74% azdır.
Öz növbəsində, Dövlət Statistika Komitəsinin (DSK) cari ilin ilk 9 ayı üçün hazırladığı statistik məlumatlara istinad etsək, deyə bilərik ki, qeyd olunan dövrdə Azərbaycan 2 milyon tondan çox sement istehsal edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə, 14,4% çoxdur.
Ülviyyə R. Əli
www.oxu.az