Azərbaycan sement idxalını azaldır. Belə ki, Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-may ayları üzrə hazırladığı son statistik məlumata nəzər yetirsək görərik ki, Azərbaycan beş ay ərzində 1 milyon 196,3 min ton sement istehsal edib.
Oxu.Az xəbər verir ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 7,7% çoxdur.
Komitə bildirir ki, 2015-ci il iyunun 1-nə hazır məhsul ehtiyatı isə 61,7 min tondur.
Ümumilikdə, müvafiq dövrdə tikinti materialları sənayesində istehsal edilmiş məhsulların həcmi 17,6% artaraq, 172, 5 milyon manat olub.
Dövlət Gömrük Komitəsi ilk beş ayın nəticələrini açıqlayaraq qeyd edir ki, sementin ümumi idxalda payı 0.46% olub. Halbuki 2014-cü ildə bu göstərici 37.40% idi.
Qeyd edək ki, bir müddət əvvəl bildirilirdi ki, Azərbaycan hökuməti 2015-ci ildə sementə olan daxili tələbatını tamamilə yerli istehsal hesabına ödəyəcək.
Xatırladaq ki, 2013-cü ildə “Norm” sement zavodu sement dəyirmanı bölməsi işə salınmış, ilk sement istehsal edilmişdi. Bundan başqa, Akkord tikinti şirkətinin istehsal etdiyi tikinti materialları arasında sement də yer alır.
2012-ci ildən başlayaraq isə Naxçıvan Muxtar Respublikasında sement zavodu fəaliyyət göstərir. Holcim Azərbaycan (Qaradağ Sement Zavodu) isə istehsal gücünü artırıb.
Ülviyyə R. Əli
www.oxu.az