Azərbaycana şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsulları idxal edən ölkələrin üçlüyündə Rusiya, Ukrayna, Türkiyə qərarlaşıb.
Oxu.Az-a bu barədə Dövlət Statistika Komitəsinin məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Rusiyadan 2015-ci ilin yanvar- iyul ayları ərzində 4 min 696,7 ton qeyd olunan məhsul alıb. 2014-cü ilin 7 ayı ərzində isə bu rəqəm 5 min 185,4 ton olmuşdu. Azalma 488,7 ton.
Ukrayna və Türkiyədən alınan şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsulları üzrə də azalma qeydə alınıb.
Belə ki, Ukraynadan Azərbaycana bu ilin 7 ayı ərzində 2 min 836,7 ton şokolad ixrac olunub. Ötən il isə bu rəqəm 3 min 747,9 ton olmuşdu.
Türkiyədən 2015-ci ilin yanvar-iyul ayları ərzində isə 1 min 523,4 ton şokolad idxal olunub, 2014-cü ildə isə bu rəqəm daha çox 2 min 44 ton olub.
Bundan başqa, Polşa, Niderland, İtaliya, Almaniya, Qazaxıstan da Azərbaycan şokolad ixrac edən ölkələr sırasındadır.
Məlumat üçün bildirək ki, 2014-cü ilin müvafiq dövründə İsrail, Lüksemburq, Malayziya Azərbaycana şokolad satmayıb, bununla belə, 2015-ci ilin yanvar-iyul aylarında cüzi də olsa, bu ölkələrdən Azərbaycana şokolad ixrac olunub. Müvafiq olaraq, 1,2 ton, 1,8 ton, 18,6 ton.
Azərbaycanın özünün şokolad məhsullarının istehsalına gəldikdə isə, 2015-ci ilin yanvar-iyul ayları ərzində tərkibinə taxıl bitkilərinin dənləri, meyvə və ya qoz-fındıq əlavə edilmiş briket şəkilli içsiz şokolad və oxşar məmulat daxil olan şokolad istehsalı 34,4 ton olub. 2014-cü ildə isə bu rəqəm 26 ton olub.
2015-ci ilin anoloji dövründə içli sair şokolad şirniyyat məmulatı 591,6 ton, 2014-cü ilin 7 ayında isə 497,7 ton olub.
Bundan başqa, digər şokolad məhsulları istehsalı Azərbaycanda 2015-ci ilin müvafiq dövründə 392,6 ton, 2014-cü ildə isə 911,6 ton olub.
Ülviyyə R. Əli
www.oxu.az