Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən yanvar-may ayları ərzində əsas kapitala 6,1 milyard manat məbləğində vəsait yönəldilib.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, beş ay ərzində 4,4 milyard manat məbləğində tikinti-quraşdırma işləri görülüb.
DSK-nın məlumatına görə, investisiya qoyuluşu 2013-cü ilin müvafiq dövrünə nisbətən 6,0%, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsaitin həcmi 18,3% artıb.
Əsas kapitala yönəldilmiş vəsaitin 4,3 milyard manatını və ya 70,4%-ni daxili investisiyalar təşkil edib və ötən ilki səviyyədən 1,7%, xarici investisiya 18,1% yüksək olub.
Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib.
Beş ay ərzində 622,7 min kv.metr sahəsi olan yaşayış evləri, 2000 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana və s. obyektlər istifadəyə verilib.
Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 5339,0 milyon manat vəsaitin 2156,2 milyon manatından istifadə olunub.
Gülnarə Zeynalova
www.oxu.az