İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dünya Bankının nümayəndələri arasında iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Oxu.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, sosial layihələrin yüksək səviyyədə reallaşdırılması nəticəsində əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb.
Nazir müavini Sevinc Həsənova Azərbaycanda beynəlxalq maliyyə-iqtisadi institutlarla, o cümlədən Dünya Bankı ilə əməkdaşlığa xüsusi önəm verildiyini, bu qurumla səmərəli əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko Bankın ölkəmizlə əməkdaşlığının Azərbaycanın müəyyənləşdirdiyi prioritetlərə uyğun qurulduğunu vurğulayıb, Azərbaycan iqtisadiyyatının inkişafını yüksək qiymətləndirib.
Xanım Leşçenko Dünya Bankının insan kapitalının inkişafı və instutisional mexanizmlərin daha da təkmilləşdirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, qeyri neft sektorunun, habelə qeyri-neft sənayesinin inkişafı sahəsində Azərbaycanla əməkdaşlığının əhəmiyyətini qeyd edib.
Tədbirdə Dünya Bankının Yoxsulluğun azaldılması və iqtisadi idarəetmə üzrə meneceri İvailo İzvorski məruzə ilə çıxış edib, iqtisadiyyatın şaxələndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.
Gülnarə Zeynalova
www.oxu.az